Beynəlxalq müsabiqənin finalı keçirilib

 

Avstriya paytaxtında fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Avstriyadakı səfirliyimiz, Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və “CultureMeetingPoint” təşkilatının dəstəyi ilə keçirilən “Odlar yurdunun sədaları” beynəlxalq musiqi müsabiqəsinə yekun vurulub.

Azərbaycan klassik musiqisinin təbliği məqsədi daşıyan müsabiqənin finalı mayın 21-də Vyanadakı AMM-də gerçəkləşib.

Azərbaycan Akademik Birliyinin sədri, mənzil-qərargahı Vyanada yerləşən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin əməkdaşı Kamal Əkbərov tədbiri açaraq klassik musiqinin beşiyi sayılan Vyana şəhərində belə bir müsabiqənin keçirilməsinin əhəmiyyətini vurğulayıb, layihənin bütün tərəfdaşlarına minnətdarlığını bildirib.

AMM-in rəhbəri Leyla Qasımova gənc istedadların üzə çıxarılmasına zəmin yaradan müsabiqəyə qarşıdakı illərdə uğurlar arzulayıb və Azərbaycan musiqisini tanıtmağa xidmət edən bu kimi layihələrin dəstəklənəcəyini deyib.

Münsiflər heyətinin fəxri sədri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bildirib ki, müsabiqə klassik musiqi ifaçılığının inkişafına mühüm töhfədir. O, bütün finalçıların yüksək peşəkarlıq nümayiş etdirdiyini vurğulayıb və Azərbaycan bəstəkarlarının əsərlərini ən yaxşı ifa edən musiqiçiləri də təqdir edib.

Münsiflərin qiymətləndirməsinə görə, Heli Kanq (Cənubi Koreya) birinci, Anna Leyerer (Avstriya) ikinci və Qriqorios İoannou (Yunanıstan) üçüncü yeri tutublar. Müsabiqədə Azərbaycan bəstəkarlarının əsərlərinin ən yaxşı ifasına görə Aleksander Maria Vaqner (Almaniya) və Qriqorios İoannou xüsusi mükafata layiq görülüblər.

Mükafatlandırma mərasimindən sonra qaliblər konsert proqramı ilə çıxış ediblər. Qriqorios İoannounun ifasında Üzeyir Hacıbəylinin “Sənsiz“ romansı və Aleksander Maria Vaqnerin ifasında Tofiq Quliyevin “Cəmilənin albomu” (fortepiano üçün 12 pyes) əsəri xüsusi maraq doğurub.

Qeyd edək ki, “Odlar yurdunun sədaları” beynəlxalq musiqisi bu ilin yanvarında elan olunub. Ötən dövr ərzində Avstriyada yaşayan musiqiçilər Abuzər Manafzadə, Aria Torkanbouri, Jalə Rəsulova, musiqişünaslar Kəmalə Əhmədova və Fərəh Tahirova, eləcə də münsiflər heyəti müsabiqənin reallaşmasında yaxından iştirak ediblər.

Finalı onlayn və canlı ifadan ibarət olan müsabiqənin münsiflər heyətində Xalq artisti Fərhad Bədəlbəyli ilə yanaşı Xalq artisti Yusif Eyvazov, Əməkdar artistlər Rəna Rzayeva və İslam Manafov, əslən bakılı professor Oleq Marşev, professor Ştefan Möller kimi musiqiçilər yer alıb.

Təşkilatçılar müsabiqəyə marağı nəzərə alaraq növbəti illərdə fortepiano ifaçılığı ilə yanaşı, vokal və digər nominasiyalara da yer verilməsini nəzərdən keçirəcək.