Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdullanın gənclərlə görüşü keçirilib. Görüş Dünya Gənc Türk Yazarlar İctimai Birliyi tərəfindən “Əbədi sevgi – Vətən” layihəsi çərçivəsində reallaşıb.
Xalq yazıçısı elmi və ədəbi yaradıcılığı, sevdiyi müəlliflər, mütaliə, “Kitabi-Dədə Qorqud” dastanı haqqında gənclərin suallarını cavablandırıb, mədəniyyətşünaslıq, mifologiya və mifolinqvistika haqqında fikirlərini bölüşüb. Kamal Abdulla rəhbərlik etdiyi universitetin və Azərbaycan Yaradıcılıq Fondunun uğurlu layihəsi olan Yaradıcılıq fakültəsi haqqında da söhbət açıb.
Həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı və Prezident Kitabxanası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ADU-nun birgə layihəsi əsasında, tarixçi alimlər, toponimlər, dilçilik və xəritəçəkmə üzrə mütəxəssislər cəlb edilməklə nəşr olunan “Həqiqətin onomastikası” kitabı haqqında məlumat verilib. Qeyd olunub ki, gərgin tədqiqat işlərinin bəhrəsi olan bu kitab erməni vandalizminin və erməni saxtakarlığının ən bariz nümunələrindən birinə – tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinə, bizə məxsus 1600-ə yaxın toponim, hidronim və oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin yer üzündən silinməsi faktlarına həsr olunub.
Yazıçı görüşün sonunda 2020-ci ildə Türkiyədə çap olunan “Mifologiya elçisi Kamal Abdulla ərməğanı” kitabını gənclərə hədiyyə edib.