Şuşa Qarabağın zirvə tacıdır, Azərbaycanın qəlbidir. Bir zamanlar yaralı qəlbi.... bu gün isə fəxarət və qürur yeridir Şuşa! Mənim üçün Şuşa – Qarabağın incisi olan Şuşa atamın danışdığı qırıq-qırıq xatirələrdə canlanan mənzərələrdən ibarət olub uzun illər... Böyüdükcə mavi ekranda, sosial şəbəkələrdə gördüyüm şəhərin bir neçə təkrarlanan görüntüləri uzun illər hafizəmdə ilişib qalan kadrlara çevrildi. Atamın  tez – tez təkrarlanan “Bir gün o gözəl yerlərdə özün gəzəndə, o dağların təmiz havasını ciyərlərinə çəkəndə, düz təpələrdə bitən al qırmızı lalələri seyr edəndə, Xarıbülbülün gözəlliyinin şahidi olanda mənim sözlərimin həqiqət olduğunu başa düşəcəksən” kəlmələri Şuşaya yola düşdüyüm 5 saatlıq yolda tez - tez qulağımda səslənirdi. Mənim üçün Şuşa səfərinin sevinci yola düşməmişdən təqribən bir həftə öncə başlamışdı. Uzun illərdir çalışdığım Respublika Gənclər Kitabxanasında direktorumuz Aslan Cəfərovun elan edilən “Biz Şuşaya gedəcəyik” xəbəri mənim üçün o qədər gözlənilməz və qəfil olmuşdu ki, uzun müddət bu xəbərin təsiri altında olmuşdum. “Biz Şuşaya gedirik” qulağa necə də xoş səslənən, əsl azərbaycanlının qəlbini riqqətə gətirən, kimin üçünsə sadə görünən üç kəlmədə mənim üçün bir dünya həyacan, fəxarət və qürur hissi var idi. Bütün ömür boyu ailəmdə eşitdiyim xatirələri indi canlı görmək, təzəlikcə oxuyub,  bitirdiyim Yusif Vəzir Çəmənzəminlinin “Bir cavanın dəftəri” adlı kitabında təsvir etdiyi küçələrlə addımlamaq, bir zamanlar Xanın, Bülbülün səsinin dalğalandığı Cıdır düzünə ayaq basmaq mənə möcüzəli və inanılmaz gəlirdi.

Bütün Zəfər yolu boyunca pəncərədən ildırım sürəti ilə keçən döngələrə baxaraq gördüklərimi hafizəmə həkk etməyə çalışırdım. İndən belə mən bu xatirələri  hafizəmdə daşıyacaq və “Mən Şuşada olmuşam!” kəlməsini fəxarətlə deyə biləcəkdim. Avtobus sıldırım yollarla yuxarıya qalxdıqca mən Şuşanın həqiqətən də alınmaz bir qala olduğunun şahidi olurdum. Şuşanı silah, sursat gücünə almaq mümkün deyil. Şuşa yalnız igid, mərd, qeyrətli Azərbaycan oğullarının qorxmazlığı, cəsarəti hesabına əlbayaxa döyüşdə dişləri, dıqnaqları ilə mübarizə apararaq xain düşmənə qalib gələrək alınıb. Sürücünün artıq Şuşaya çatmışıq xəbərini eşidəndə hiss etdiyim həyacanı, cəld yerimdən qalxaraq “Şuşa” yazılan lövhənin fotosunu çəkməyimi, avtobusdan enərək bütün Şuşa şəhərini sanki “bir ovucun içərisindən” izləyərək, təmiz havasını ciyərlərimə çəkməyimi indi də xatırladıqca qəlbimə dolan fəxarət və qurur hissini sözlə ifadə etməyə çətinlik çəkirəm.

Əgər kimsə indi məndən ilk Şuşaya ayaq basanda nə ilə qarşılaşdığımı soruşarsa, mən ilk öncə təbiətin və şəhərin arasında olan təzadı dilə gətirərəm. Şəhərin bəzən dar, bəzən də geniş küçələrində addımlayarkən mən özümü bir an belə olsa mənəvi mənada tək hiss etmədim. Şuşanın azad olunması yolunda canlarını fəda etmiş Azərbaycan oğullarının nəfəsi ilə doludur Şuşa küçələri, döngələri... buranın hər daşının üzərində Şuşa qələbəsinin sevinci, fəxarəti, canlarını fəda etmiş oğulların yarımçıq qalan ömür yollarının kədəri hiss olunur. Dağılmış, sökülmüş, ilkin görünüşünü itirmiş binaların, divarların üzərində yazılan Azərbaycan oğullarının adları, ürək sözləri sanki onlara baxdıqca canlanır, dilə gələrək burada olan çətin, ağır savaşdan xəbər verir. Şuşanın küçələri, döngələri, hər daşı, hər çınqılı xatirələr pıçıldayır, şəhid olmuş Azərbaycan oğullarına layla çalır.

Ulu öndər Heydər Əliyevin Şuşa ictimaiyyəti ilə keçirdiyi görüşlərdən birində söylədiyi “Şuşa abidələr şəhəridir. Diyarın zəngin ta­rixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır” fikri ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyevin Şuşada həyata keçirdiyi yenidənqurma işləri ilə bir daha sübut edilir. Bəli, bu gün Şuşa yenidən qurulur, özü də daha möhtəşəm, daha əzəmətli. Şuşa yenicə dirçəlməyə çalışan, çiynində ağır xatirələr yükü daşıyan körpəyə bənzəyir. Şuşa dirçəlir, ayağa qalxır, yenidən gözəlləşmək, təbiəti ilə bu sezilən təzadı aradan qaldıraraq tam olmaq istəyir. Demək olar ki hər bir küçədə, binanın və tikilinin qarşısında olan bərpa işləri bundan xəbər verir. Bugünkü Şuşanın yenidən qurulması cənab prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, görkəmli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin abidəsinin açılışları, həmçinin, tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi burada aparılan fasiləsiz işlərdən xəbər verir.

Əgər Şuşa şəhəri öz qədimliyi, tarixiliyi ilə qəlblərdə məskən salmışsa, Şuşanın təbiətinin gözü olan Cıdır düzü buludların qoynunda olan yüksəklik, təmiz havası, hər tərəfi bürüyən yaşıllıqları, göz oxşayan yüksəklikləri ilə adamı heyran edir. Şuşanın günəşi qızmar, sərini isə qış mehi kimidir. Amma onun istisi də, buz kimi olan dağ havası da bizlər üçün bir töhfədir, bir zamanlar bizə əlçatmaz olan, həsrəti ilə alışıb yandığımız, indi isə gözümüzlə gördüyümüz, əlimizlə toxunduğumuz bir gözəllikdir. Cıdır düzünün mərkəzində təşkil edilən “Xarı Bülbül” Festivalı Şuşa qədər qədim bir tarixə malikdir. Bu festivalın əzəldən Şuşa şəhərində keçirilməsi heç də təəccüblü deyil, axı Şuşa bir ömür boyu mədəniyyətin, incəsənətin beşiyi olmuşdur. Təkcə bunu demək kifayətdir ki,  XIX əsrin ikinci yarısında Şuşa əhalisinin sayı 25 minə çatdığı bir vaxtda Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim olmuşdur. Bu böyük ziyalı təbəqəsi, Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə, burada elmi, təhsili və mədəniyyəti inkişaf etdirməkdə çox böyük rol oynamışdır.

Heç də təsadüfi deyildir ki, Xur­şidbanu Natəvan, Molla Pəhah Vaqif, Mir Möhsün Nəvvab, Əbdürrəhim bəy Haqverdiyev, Qasım bəy Zakir, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Üzeyir bəy və Ceyhun bəy Hacıbəylilər, Səməd bəy Mehmandarov və dünya şöhrətli onlarca ziyalının, ictimai xadimlərin həyatında məhz Şuşa mühitinin mühüm rolu olmuşdur. Bir zamanlar bu dahi insanların, öz adlarını Azərbaycanın mədəniyyəti tarixinə qızıl hərflərlə həkk etmiş insanların doğma yurdu olan Şuşada keçirilən “Xarı bülbül” festivalına bu gün dünyanın dörd bir hissəsindən qonaqlar axışır. Onlar burada yalnız Azırbaycanın qədim mədəniyyət və tarixi ilə deyil, həmçinin müdrik siyasəti və mübahisəsiz qəhrəmanlıq tarixi ilə də qarşılaşırlar. Bu gün Şuşada keçirən hər bir dünya miqyaslı beynəlxalq tədbir Şuşanın, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bütün dünyaya bəyan edir.

Gəldiyimiz avtobus ilə geri qayıdarkən mən hafizəmdə gördüyüm gözəllikləri, qəlbimdə olan qürur hissini, əlimdə isə atamın xahişi ilə Cıdır düzündən götürdüyüm bir ovuc torpağı aparırdım. Bir xatirə kimi, bu torpağın – onun üçün müqəddəs olan, ata və babasının yurd yeri - Şuşanın bir zərrəsini atam üçün gətirirdim....

Şuşa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti, igid oğullarımızın qəhrəmanlığı və bütöv Azərbaycan xalqının birliyi sayəsində həqiqi sahiblərinə geri qayıtdı. Biz uzun illər xəcalət yükü altında əyilən qəddimizi bu gün şax tuta bilirik. Çünki Azərbaycanın zəfər dastanı yazan Şuşa fatehləri, igid Azərbaycan oğulları vardır. Sənin qarşında, Sənin ruhun qarşısında baş əyirik İGİD ƏSGƏR!! 

Günay Həsənova
Respublika Gənclər Kitabxanası İnformasiya xidməti və media ilə iş şöbəsinin müdiri