Azərbaycanın UNESCO üzrə Milli Komissiyası və UNESCO yanında Daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü, ölkəmizin quruma üzv olmasının 30 illiyi və “Şuşa İli” çərçivəsində Parisdə “Qarabağ” muğam qrupunun konserti keçirilib.
Mayın 24-də UNESCO-nun mənzil-qərargahında keçirilmiş tədbirdə təşkilata üzv dövlətlərin daimi nümayəndələri, yerli ictimaiyyət və diaspor nümayəndələri iştirak ediblər.
UNESCO yanında daimi nümayəndə Elman Abdullayev çıxış edərək, 104 il əvvəl – 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ildə UNESCO-ya üzv olub. Bu il Azərbaycanın UNESCO-ya üzv olmasının 30 ili tamam olur. Bu illər ərzində Azərbaycanda, eləcə də UNESCO-nun mənzil-qərargahında birgə tədbirlər, ortaq layihələr həyata keçirilib.
UNESCO Baş direktorunun müavini Firmin Eduard Matoko ölkəmizi yaxşı tanıdığını bildirərək, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, UNESCO ilə əməkdaşlığı və həyata keçirilmiş layihələrdən söz açıb.
UNESCO-nun İcraiyyə Şurasının sədri Tamara Rastovaç-Siamaşvili Azərbaycanın qurumun II Seçki qrupuna sədrliyi çərçivəsində onun namizədliyinin irəli sürülməsinə, ona göstərilən etimada görə təşəkkürünü bildirib.
Çıxışlardan sonra “Qarabağ” muğam qrupunun konserti olub. Qrupun rəhbəri – Xalq artisti Mənsum İbrahimov və gənc xanəndə Gülzar Fərəcova, Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) müşayiətində Azərbaycan xalq mahnıları, təsnif və muğamlardan parçalar ifa ediblər. Gənc musiqiçi Sona Əzizova “Şuşam mənim” və “O günlərdən biri” mahnılarını oxuyub.
Xatırladaq ki, bundan öncə “Qarabağ” muğam qrupu “Şuşa İli” və Azərbaycanın UNESCO-ya üzvlüyünün 30 illiyi çərçivəsində Strasburqda konsert vermişdi.