Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 20-də başlayan I Bakı Beynəlxalq Piano Festivalı çərçivəsində ötən günlərdə sənətsevərlərə bir-birindən maraqlı konsert proqramları təqdim edilib.
Festivalın dördüncü günü YARAT Müasir İncəsənət Məkanının səhnəsində Kəmalə Əlizadə və onun italyan həyat yoldaşı, gitaraçı Stefano Muskaritolo da tamaşaçılara xoş anlar bəxş etdilər.
Bəstəkar və pianoçu Kəmalə Əlizadə Azərbaycan musiqiçiləri ilə İtaliya, Yunanıstan, İspaniya, Portuqaliya, İsrail rəssamları arasında həyata keçirilən layihələrdə, müxtəlif festivallarda bədii rəhbər olub.
Mayın 23-də “Landmark”da daha bir konsert almaniyalı musiqiçi Vadim Abramovun iştirakı ilə gerçəkləşdi. Pianoçunun virtuoz ifası tamaşaçıların marağını cəlb etdi.
Festivalın digər yaddaqalan tədbiri həmin gün yenə “Landmark”da baş tutdu. Tərlan Növrəslinin “Qarabağıma gəl” adlı kitabının təqdimat mərasimi keçirildi. Pianoçu, musiqişünas, Əməkdar artist Nərgiz Əliyevanın lirik musiqisinin müşayiəti ilə təşkil edilən tədbirdə yazıçının yaradıcılıq yolundan, özünəməxsus üslubundan danışıldı. Qeyd olundu ki, Tərlan Növrəsli romantik-fəlsəfi poemalar, romanlar, habelə elmi məqalə, dərslik və tədris-metodik vəsaitlərin müəllifidir.
Həmin gün Helge Lienin triosunun təqdim etdiyi caz konserti tamaşaçıların könlünü oxşadı. Bu, Norveç triosunun Bakıda ilk konserti deyildi. Qrup 2018-ci ildə Bakı Caz Festivalında da səhnəyə çıxıb. Öz unikal üslubu və Skandinaviya ruhu ilə eyniadlı caz triosunun yaradıcısı, görkəmli pianoçu Helge Lien Bakı Beynəlxalq Piano Festivalının səhnəsində öz kollektivi ilə Johannes Eik (bas) və Knut Aalefjar (zərb alətləri) birlikdə kamera musiqisinin inanılmaz meditativ atmosferini yarada bildi. Müəllifin kompozisiyalarında Bill Evansın klassik lirik ənənələri ilə avanqard improvizələri və şimal xalqlarının melanxoliyasının etnik motiv elementlərinin tarazlığını müşahidə etmək olardı...
Mayın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dövlət Kamera Orkestrinin müşayiəti ilə (dirijor Valid Ağayev) E.Qriqin “Fortepiano və orkestr üçün konsert”ini Səidə Zülfüqarova ifa etdi.
S.Zülfüqarova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında piano müəllimi və konsertmeyster ixtisasına yiyələnib. Bir çox yerli müsabiqələrin qalibi olan ifaçı Parisin IV Sorbon Universitetində musiqişünaslıq üzrə oxuyub, həmçinin magistr dərəcəsi alıb.
Konsertdə S.Raxmaninovun “Fortepiano üçün 2 nömrəli konsert”ini isə musiqisevərlər beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Vurğun Vəkilovun ifasında dinlədilər. Bu əsər Vurğunun ifasında ikinci dəfə səslənirdi. Mütəxəssislər pianoçunun musiqi duyumunu, ayrı-ayrı səslərə, səs birləşmələrinə vurğunluğunu yüksək qiymətləndirir. Konsert boyu hər bir akkordun gözəlliyini çatdırmağa can atan ifaçı tanış mətnə yeni rəng qatırdı. Musiqi axşamında hər iki ifaçı tamaşaçılara valehedici emosiyalar bəxş edə bildilər.
Çexiyadan olan Marek Novotnı kvartetinin mayın 25-də “Landmark”da çıxışı da maraqla qarşılandı. Kvartet bu yaxınlarda Çində təşkil edilən “Çan-Şa” festivalının Qran-pri mükafatını qazanıb. Musiqi nəzəriyyəsi üzrə fəlsəfə doktoru, pianoçu M.Novotnı həm də bəstəkar və aranjimançıdır. O, ABŞ-da “Gremmi” mükafatı laureatı Cefri Holmsun rəhbərliyində caz bəstəkarlığı üzrə magistr dərəcəsi alıb. Pianoçu bir çox məşhur musiqiçi və qruplarla əməkdaşlıq edib, Böyük Britaniya, Almaniya, Norveç, Danimarka, ABŞ və Çində konsertlər verib.
Müxtəlif ölkələrdən musiqiçi və qrupların iştirak etdiyi I Bakı Beynəlxalq Piano Festivalı mayın 27-də başa çatacaq. Festivalın bədii rəhbəri Əməkdar artist Şahin Növrəslidir.
Lalə Azəri