Niyazi adına Uşaq incəsənət məktəbinin yubileyi keçirildi
Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə respublikamızın qocaman bədii təhsil ocaqlarından olan Şuşa şəhər Niyazi adına Uşaq incəsənət məktəbinin 90 illik yubileyi qeyd olunub.
Mayın 25-də Beynəlxalq Muğam Mərkəzində məktəbin 90 illik yubileyinə həsr olunan “Əziz Şuşa, sən azadsan!” adlı tədbir keçirilib.
Mərkəzin foyesində “Şuşa İli”nə həsr edilmiş rəsm sərgisi nümayiş olunub, məktəbin “Qaytağı” ritm və “Təbəssüm” rəqs qrupları ifaları ilə gələn qonaqları salamlayıblar.
Tədbirin rəsmi hissəsi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Məktəbin 90 ildə keçdiyi yola, qazandığı uğurlara nəzər salan videoçarx nümayiş olunub.
Diqqətə çatdırılıb ki, Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə, Azərbaycan SSRİ Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il tarixli qərarına əsasən, Şuşada yaradılmış təhsil ocağı respublikamızda ilk musiqi məktəblərindən biri olub. Xan qızı Natəvanın evi olmuş tarixi binada fəaliyyətə başlayan məktəbin ilk illərində Əməkdar incəsənət xadimi Qəmbər Hüseynli, Əməkdar müəllim Fatma Zeynalova, professor Aleksey Raxmanov, Lətif Əliyev kimi müəllimlərin ixtisaslı musiqiçi kadrların hazırlanmasında böyük xidmətləri olub. O dövrün məşhur tarzəni Rəsul Əsədov bu təhsil ocağında şagirdləri – sonradan istedadlı tarzənlər kimi tanınmış İsi Abbasov, İmran Səfiyev, Aslan Qaraşarov, görkəmli bəstəkarlar Əşrəf Abbasov və Süleyman Ələsgərova tar ifaçılığının sirlərini böyük həvəslə öyrədib. Dünya şöhrətli bəstəkar Arif Məlikov bir müddət Şuşa Musiqi məktəbində müəllim kimi çalışıb.
1984-cü ildə görkəmli dirijor, bəstəkar Niyazinin vəfatından sonra məktəbə onun adı verilib. Beləliklə, 1984-cü ildən etibarən Şuşa şəhər Musiqi məktəbi, Niyazi adına Şuşa şəhər Uşaq incəsənət məktəbi kimi fəaliyyətini davam etdirir.
Yubiley mərasimində mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Xalq artistləri Ramiz Quliyev və Vamiq Məmmədəliyev çıxış ediblər.
Çıxış edənlər məktəbin kollektivinə yubiley münasibətilə təbriklərini çatdırıb, təhsil ocağının bundan sonra da yeni-yeni uğurlar qazanacağına əminliklərini ifadə ediblər. Ulu öndər Heydər Əliyevin Azərbaycanda musiqi təhsilinin inkişafına, istedadlı uşaq və gənclərin dəstəklənməsinə xüsusi qayğısından danışan natiqlər bu gün ölkəmizdə mədəniyyət sahəsinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra Şuşa şəhər Niyazi adına Uşaq incəsənət məktəbinin 90 illik yubileyi münasibətilə və gənc nəslin estetik tərbiyəsində səmərəli fəaliyyətinə görə Mədəniyyət Nazirliyi və Şuşa Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları məktəbin direktoru Anar Əlizadəyə təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib.