Müxtəlif müəssisələrin işçiləri həftəsonu Qəbələ və Şəkidə istirahət edəcəklər
   
   «Turizm ili» çərçivəsində təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq daha bir layihə «Aztranstur» MMC ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həyata keçirilir.
   
   «Aztranstur» MMC-nin direktoru Fayis Məmmədovun qəzetimizə verdiyi məlumata görə, Bakı-Qəbələ-Şəki marşrutu ilə gerçəkləşdirilməsi nəzərdə tutulan layihəyə oktyabrın 14-dən start veriləcək. Müxtəlif müəssisələrdə çalışan həmkarlar ittifaqlarının üzvləri, o cümlədən dövlət idarələrinin, Elmlər Akademiyasının, Bakı Metropoliteninin, müxtəlif təhsil müəssisələrinin işçiləri hər həftənin 5-ci günü bələdçilərin müşayiəti ilə Bakıdan Qəbələ istiqamətində yola düşəcək. Yolboyu onlara tarixi abidələr, yaşayış məskənləri haqqında məlumat veriləcək. Qəbələdə bir gün qaldıqdan sonra ertəsi gün səhər tezdən Şəkiyə yola düşəcəklər. Şəki şəhərinin görməli yerlərini gəzdikdən və tarixi abidələrə baş çəkdikdən sonra tur iştirakçıları «Marxal» istirahət zonasında nahar edəcəklər. Həmin gün Qəbələyə qayıdan turistlər axşam müxtəlif mədəni-kütləvi tədbirlərin iştirakçısı olacaqlar. Bazar günü səhər Qəbələ rayonundakı Tarix-Diyarşünaslıq Muzeyinə, Heydər Parkına, Lunaparka və rayonun müxtəlif məkanlarına baş çəkdikdən və nahar yeməyindən sonra isə Bakıya qayıdacaqlar.
   F.Məmmədov onu da bildirdi ki, layihə çərçivəsində 500 nəfər həmkarlar ittifaqları üzvlərinin istirahətini təşkil etmək nəzərdə tutulur.
   Layihə ilin sonuna qədər davam edəcək. 

   Fəxriyyə Abdullayeva