Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Prezident İlham Əliyevin mayın 27-də imzaladığı sərəncama əsasən, bəstəkar Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, mayın 28-də Firəngiz Əlizadənin 75 yaşı tamam olub. O, 1990-cı ildə respublikanın “Əməkdar incəsənət xadimi”, 2000-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2007-ci ildə “Şöhrət”, 2017-ci ildə “Şərəf” ordenləri ilə təltif olunub. 2007-ci ildə UNESCO-nun “Sülh artisti”  adına, 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatına, 2016-cı ildə AMEA-nın “Üzeyir Hacıbəyli” mükafatına layiq görülüb. 2017-ci ildə sənətşünaslıq ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib. 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edir.

Firəngiz xanımı yubileyi və dövlət təltifi münasibətilə təbrik edirik.