Azərbaycanın Qarsdakı Baş Konsulluğu 28 May – Müstəqillik Günü münasibətilə Türkiyənin Ərzurum və Van şəhərlərində təntənəli mərasim təşkil edib.

Ərzurumda baş tutan tədbirdə öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Rəsmi hissə və bədii proqramdan ibarət olan mərasimdə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, Ərzurum vilayəti valisinin müavini Can Atak və Ərzurum Atatürk Universitetinin rektoru Ömər Çomaklı çıxış ediblər.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin təsis edilməsini xalqımızın öz dövlətçilik tarixinə və ənənələrinə sədaqət nümunəsi kimi dəyərləndirən çıxışçılar diqqətə çatdırıblar ki, XX əsrin əvvəllərindən fərqli olaraq indi müasir Azərbaycan bütün sahələr üzrə dinamik inkişafdadır. Bildirilib ki, Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın liderliyində Azərbaycan-Türkiyə münasibətlərinin Şuşa Bəyannaməsi əsasında müttəfiqlik səviyyəsinə yüksəlməsi dövlətlərimizin birlikdə güclənməsi, ölkələrimizin təhlükəsizliyi, xalqlarımızın rifahı üçün mühüm əhəmiyyət kəsb edir.

Mərasim Naxçıvan Dövlət Universitetinin (NDU) konservatoriyası kollektivlərinin ifasında konsert proqramı ilə davam etdirilib.

***

Van şəhərində keçirilən tədbirdə də əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, iki ölkənin himnləri səsləndirilib.

Tədbirdə Van valisi Ozan Balcı, Van Böyükşəhər Bələdiyyəsinin baş katibi Fatih Çalıkəl, vilayət polis idarəsinin rəisi Atanur Aydın, sərhəd qoşunlarının yerli komandanı Hüseyn Bekmez, Van Milli Təhsil İdarəsinin müdiri Hasan Tevkə və digər rəsmilər, yerli ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev və Bakı Dövlət Universitetinin dosenti Arzu Məmmədovanın çıxış edərək

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, 23 aylıq qısa zaman kəsiyində dünya birliyi tərəfindən tanınması və qarşılaşdığı problemlərdən danışıblar.

Diqqətə çatdırılıb ki, güclü ordu quruculuğu, dövlət təsisatlarının milliləşdirilməsi, əhalinin rifahının yüksəlişini strategiya kimi qarşısına məqsəd qoyan müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin Türkiyə ilə qardaşlıq münasibətlərinin bərpasına və inkişafına xüsusi diqqət yetirib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlarda Azərbaycan-Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsini əhəmiyyəti xüsusi vurğulanıb.

Mərasimin bədii hissəsində NDU konservatoriyası tələbələrinin ifasında konsert proqramı təqdim olunub.

Mehparə Sultanova
Ankara