Kino təsadüfləri sevmir. Sənətə bağlananları, sevərək üz tutanları isə yaddaşlarda, qəlblərdə yaşadır, kinoda keçən ömürləri milyonların əziz xatirəsinə çevirir. Əməkdar artist Tanilə Əhmərovanın (1950-2015) filmlərdə yaratdığı rolları da çoxsaylı kinosevərlərin diqqətindən yayınmır, xatirəsi əziz tutulur, anılır...
Özünəməxsus ifa tərzinə, yaradıcılıq təqdimatına görə yaddaşlarda kök salan aktrisanın doğum günündə ömür yoluna, həmçinin həmkarlarının xatirələrində yaradıcılığına nəzər salırıq.
Məsum simalı xanım
Tamaşaçı yaddaşında daha çox “Qayınana” kinokomediyasından məsum simalı xanım (Sevda) kimi qalan Tanilə Əhmərova hələ kiçik yaşlarından sənət sevdalısı olub. 1950-ci il iyunun 1-də Bakının Sabunçu qəsəbəsində dünyaya göz açan gələcəyin aktrisası orta məktəbdə oxuyarkən məktəbin dram dərnəyində çıxış edib. 1972-ci ildə Dövlət Teatr İnstitutuna (indiki ADMİU) daxil olub, teatr, kino sənətinin sirlərini öyrənib. İnstitutu 1977-ci ildə bitirdikdən sonra həmin ildən “Azərbaycanfilm”də aktrisa kimi fəaliyyətə başlayıb.
Kinoda debütü (Nərgiz) “Üzü küləyə” (1977) filmində olub. Xəzər dənizinin çirklənməsindən, quşların qorunmasından, gənclərin təbii sərvətlərə qayğı ilə yanaşmasından və onların mənəvi kamilliyindən bəhs edən filmdə Tanilə Əhmərova yaradıcılıq qismətinə düşən ilk ekran personajını səmimi, inandırıcı ifa tərzi ilə təqdim edib, bununla da növbəti kino obrazlarının ardıcıllığına zəmin yaradıb.
Filmin quruluşçu rejissoru Əbdül Mahmudov aktrisa ilə olan yaradıcılıq işini belə xatırlayır: “Üzü küləyə” filminin çəkilişləri Lənkəranda aparılırdı. Tanilə xanımı çəkiliş məkanına bir müddət tez apardım. O, şəhər libasını dəyişib balıqçı libası geyindi və bir neçə müddət çəkiliş qrupumuzla birlikdə balıqçı briqadası ilə çalışdı. Orada mən də, digər heyət üzvləri də, Tanilə xanım da balıqçılarla birlikdə işləyir, toru çəkmələrinə, müəyyən işlərinə kömək edirdik. Bir gün o gülümsəyərək “mən artıq rolu oynamağa tam hazıram, demək olar ki, peşəkar balıqçı olmuşam” dedi.
Onu da qeyd edim ki, Tanilə xanımın xahişinə əsasən onun üçün ayrıca məşq vaxtı təyin etmişdim. Hazırlıq dövrü bitdikdən sonra çəkiliş meydançasına çıxanda o, rolu tam mənimsəmişdi və çox işləyirdi. Beləcə, Tanilə Əhmərova kinoda ilk dəfə baş rola çəkildi”.
Nailiyyət dövrü
70-ci illəri Tanilə Əhmərova üçün nailiyyət dövrü adlandırmaq olar. “Üzü küləyə” filmindən sonra aktrisa Rasim İsmayılov, Eldar Quliyev və Hüseyn Seydizadə kimi peşəkar kinematoqrafçıların filmlərinə dəvət aldı, uğuruna uğur qatdı.
Görkəmli kinorejissor Hüseyn Seyidzadənin “Qayınana” kinokomediyasındakı Sevda obrazı aktrisanın şöhrətini daha da artırdı. Əbdül Mahmudovun xatirələri aktrisa haqqındakı məlumatımızı genişləndirir: “Tanilənin simasında anadangəlmə bir məsumluq var idi. Seyidzadəyə də məhz belə görünüşlü aktrisa lazım idi. Amma çox tələbkar olduğundan tərəddüd edirdi. Bir gün məndən soruşdu ki, səncə, Taniləni baş rola çəkmək olar, ya yox. Dedim, mən çəkdim, oldu, inanın ki, Sevda rolu elə məhz Tanilə xanım üçündür. Beləliklə də, o, Sevda roluna təsdiqləndi...”.
“Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan 10-dan artıq filmdə (“Əlavə iz”də Bağırova, “İlıq dənizdə buz parçası”nda gəlin, “Qəribə adam”da Aytən, “Tələ”də Rübabə Babayeva və s.) irili-xırdalı rol oynayan aktrisa hər bir personajını özünəməxsus çalarlarla yaratdı, yaddaşlara yazdı. Aktrisanın yaradıcılıq qismətinə düşən obrazlar genişplanlı olmasa da, personajların həyat mövqeyini, düşüncə tərzini, psixologiyasını realist səpkidə çatdırdı, tanıtdı.
Həyata, düşüncələrə, insan münasibətlərinə obrazları vasitəsi ilə müdaxilə etməyi bacaran aktrisanın uğurlu rollarından biri də “Şir evdən getdi” filmindəki Şəfiqə müəllimədir. O, kiçikplanlı rolun təfsirində pedaqoji fəaliyyət üçün uşaq psixologiyasının incəliklərinə bələd olmağın labüdlüyünü, başlıca şərt olduğunu incə nüanslarla göstərib, təbliğ edib.
Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov aktrisanı böyük sevgi hissi ilə yad edir: “Tanilə xanımla ilk dəfə “Sevinc buxtası” (1977) filminin çəkilişləri zamanı görüşmüşəm. Filmdə o, baş qəhrəman Nazimin sevdiyi qadını (Leyla) oynayırdı, mən isə susatan oğlan rolunu (Atamoğlan) canlandırırdım. Elə həmin andan o mənim yaddaşımda məsum simalı, zərif, həssas bir xanım kimi qalmışdı. Onda mən uşaq idim, bu xanımın kimliyini o qədər də dərk etmirdim. Amma sonralar başa düşdüm ki, Tanilə xanımın Azərbaycan kinosunda özünəməxsus yeri var.
Tale elə gətirdi ki, “Sevinc buxtası” filmindən sonra həmin il “Şir evdən getdi” filmində biz tərəf-müqabil olduq. Mən baş rol olan Rüstəm obrazını, o isə Şəfiqə müəllimə rolunu canlandırırdı. Uzun illər keçdikdən sonra biz kinostudiyada təsadüfən rastlaşdıq. Onu da qeyd edim ki, həmin vaxt kinostudiyanın aktiv dövrü deyildi. Bir qadın qarşımda dayandı və “Elxan, salam, məni tanımadın?” dedi. Onda mən artıq bir neçə filmə çəkilmişdim, institutu bitirmişdim, rejissorluq fəaliyyətimə başlamışdım. “Sözün düzü, tanıya bilmədim” deyə etiraf etdim. “Mən Tanilə xanımam” dedi. Onun bu sözündən sonra, tanımadığım, əslində isə uşaqlıq illərimin xoş xatirələri ilə bağlı olan bu insanı və yaxın keçmişimi kövrək hisslərlə xatırladım, kinostudiyanın həmin illərdəki qaynar ab-havası gözlərim önündə canlandı. Uşaqlığımdan incə, zərif, gözəl xanım kimi tanıdığım, görüşdüyümüzdə isə sanki peşədən, yaradıcılıqdan kənarda qalmış bir xanımı gördüm və daxili bir sarsıntı keçirtdim. Mən Tanilə xanıma kövrək duyğularla baxırdım. Çünki kinostudiyanın aktiv dövründən sonra tənəzzülə uğradığı dövrü görmək hamımıza pis təsir etmişdi. Mən, təbii ki, sonra ona “əlbəttə, Tanilə xanım, sizi tanıyıram, yadımdasınız” dedim. Bu sözlərdən sonra onun gözləri işıqlandı. O gözlərdə keçmişində böyük uğurlara imza atmış bir insanın incəsənətin arxa planda qaldığı, kinostudiyada filmlərin az çəkildiyi bir dövrdə məyusluğunu gördüm. Bu mənə çox təsir elədi.
Həmin söhbətdən sonra biz onunla kinostudiyada bir-iki dəfə yenə görüşdük. Hətta planlaşdırmışdım ki, film çəkəndə mütləq Tanilə xanıma müraciət edim. Amma deyirlər, sən saydığını say, gör fələk nə sayır. Tanilə xanım qısa bir müddətdən sonra dünyasını dəyişdi. Düşünürəm ki, onun yaradıcılıq nisgili dünyadan köçməsinə bilavasitə zəmin yaratdı. Allah ona rəhmət eləsin. O, mənim üçün zərif, nəcib, gözəl və həssas bir xanım idi, olaraq da qalır...”.
“Sevinc buxtası” filmində Leyla rolunun təfsirində həyatı çətinliklər, məşəqqətlər içərisində keçən, qarşılaşdığı çətinliklərə güclə tab gətirən sadə ev xanımının ümumiləşdirilmiş obrazını görürük. Rolun təfsirində dövr hadisələrinin gərginliyini, ictimai bərabərsizliyi, mürəkkəb münasibətlərin üstünlük təşkil etdiyini, ağır, çətin mühitdə puç olan talelərin kədərini, nisgilini izləyirik, duyuruq. Obrazın fərdi cəhətlərini, həyat mövqeyini çatdırma imkanı geniş olmasa da, aktrisanın inandırıcı təqdimatı yaradıcılıq münasibətinin dəqiqliyini, roluna yanaşma məsuliyyətinin ciddiliyini təsdiqləyir.
Ekran personajlarına məsuliyyətlə yanaşma tərzini Tanilə xanımın “İşarəni dənizdən gözləyin” tarixi-bioqrafik filmində oynadığı qadın surətində də görürük. Dövrünün reallığında, çətin, ağır durumda məhv olan talelər, puç olan arzular Tanilə Əhmərovanın filmdə canlandırdığı qadın surətinin üzərində cəmlənib. Obrazda köməksiz, əlacsız prototipin nisgilli ömür yükünü, çıxılmaz həyat tərzini məsum, kədərli baxışlarında duyuruq, hiss edirik.
Çox çəkilsəydi, daha gözəl rollar yaradardı
O, sənətdə uğurlarını tamamlamadan, yaradıcı potensialını istədiyi kimi nümayiş etdirmədən həyatdan getdi. Əməkdar mədəniyyət işçisi, kinorejissor, aktyor Nadir Əzməmmədovun fikirləri də aktrisa ilə bağlı düşüncələrimizi təsdiqləyir: “İşarəni dənizdən gözləyin” filmində Tanilə xanımla işləmişəm. Baxmayaraq ki, filmdəki rolu kiçikplanlı idi, yenə də rolunu məharətlə oynadı, xarakterini dəqiqliklə çatdırdı. Çəkiliş meydançasına gələndə biz aktyorlarla ünsiyyət qururduq. Ancaq Tanilə xanım, demək olar ki, heç kimlə ünsiyyət qurmurdu. Çox təmkinli, sakit insan idi. Sonralar bildiyimiz kimi, 90-cı illərdə kinostudiya bağlandı, hərə bir işlə məşğul oldu, bizim bir-birimizdən xəbərimiz olmadı. İllər sonra isə eşitdik ki, o, dünyasını dəyişib. Düşünürəm ki, yaradıcılıqdan kənarda qalmağı da onun sağlamlığına mənfi təsirini göstərdi. Təəssüf edirəm ki, onu filmlərə çox çəkmədilər. Əlbəttə ki, çox çəkilsəydi, daha gözəl rollar yaradardı...”.
Tanilə Əhmərova uzun sürən xəstəlikdən sonra 4 avqust 2015-ci ildə dünyasını dəyişib...
Şəhla Əmirli
kinoşünas