Kann kinofestivalının mükafatçıları

 

Xəbər verdiyimiz kimi, 17-28 may tarixində 75-ci Kann Beynəlxalq Film Festivalı keçirilib. COVİD-19 pandemiyası səbəbindən 2020-ci ildə keçirilməyən, 2021-ci ildə isə məhdud formatda təşkil olunan Avropanın ən nüfuzlu kino müsabiqəsi bu dəfə ənənəvi təmtəraqla gerçəkləşib.

Yubiley festivalının əsas müsabiqə proqramında 21 film yer alıb. Filmləri fransalı aktyor və rejissor Vinsent Lindonun sədrlik etdiyi münsiflər heyəti – rejissorlar Əsgər Fərhadi (İran), Ceff Nikols (ABŞ), Yoakim Trier (Norveç) və Ladj Ly (Fransa) və dörd aktrisa – britaniyalı Rebecca Hall, hindistanlı Deepika Padukone, isveçli Noomi Rapace, italyan Jasmine Trinca dəyərləndiriblər.

Kann kinofestivalının baş mükafatına – “Qızıl palma budağı”na İsveç rejissoru Ruben Estlundun “Kədər üçbucağı” filmi layiq görülüb. Ekran əsəri İsveç, Fransa, Almaniya, Britaniya kinematoqrafçılarının iştirakı ilə ərsəyə gəlib.

Qran-pri (“Gümüş palma budağı”) mükafatını fransız xanım rejissor Kler Deni “Günorta ulduzları” filminə (Fransa, ABŞ, Panama) görə və belçikalı rejissor Lukas Dont  “Bağlanış” filminə (Belçika, Niderland, Fransa) görə qazanıb.

Kann kinofestivalının dəyərinə görə üçüncü təltifi sayılan “Jüri mükafatı”na da iki ekran əsəri – Polşa rejissoru Yeji Skolimovskinin “İa” (Polşa, İtaliya) və belçikalı Feliks van Qruningen ilə Şarlotta Vandermersin “Səkkiz dağ” (Belçika, İtaliya) filmləri layiq görülüb.

Bundan əlavə, ən yaxşı rejissura (Pak Çxan Uk, Cənubi Koreya, “Ayrılmaq qərarı” filmi), ən yaxşı ssenari (Misir əsilli İsveç rejissoru Tarik Salehin “Göylərdən gələn oğlan” filmi) üçün mükafatlar təqdim olunub.

Ən yaxşı kişi roluna görə Son Kan Ho (Cənubi Koreya, “Broker” filmi), ən yaxşı qadın roluna görə Fransada yaşayan İran əsilli aktrisa Zar (Zəhra) Amir İbrahimi (İsveç, Danimarka, Fransa və Almaniyanın birgə istehsalı olan “Müqəddəs hörümçək” filmi) mükafatlandırılıblar.

Kann kinofestivalının 75 illiyi şərəfinə xüsusi mükafatı “Tori və Lokita” filminə görə belçikalı Darden qardaşları (rejissor və ssenaristlər Jan Pyer Darden və Lük Darden) qazanıblar.

Builki Kann festivalının fəxri “Qızıl palma budağı” (kino sahəsində xidmətlərə görə) ilə amerikalı aktyor, rejissor, prodüser Forest Vitaker və Hollivud ulduzu Tom Kruz təltif olunublar.

V.Kamal