“TEKNOFEST Azərbaycan” çərçivəsində konsert proqramları da təşkil olunub

 

Xəbər verdiyimiz kimi, 26-29 may tarixində Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirilib. Festival “Baku Kristal Hall” və onun ətrafında – Dənizkənarı bulvar ərazisində Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfi tərəfindən təşkil olunub. Selçuk Bayraktarın rəhbərlik etdiyi T3 Vəqfinin təşəbbüsü ilə 2018-ci ildən keçirilən festival bu il ilk dəfə Türkiyədən kənarda reallaşıb.

Dörd gün ərzində müxtəlif nominasiyalarda yarışmalar, təqdimatlar və Bakı səmasında rəngli görüntülər yaradan möhtəşəm uçuş şouları ilə yadda qalan festival konsert proqramı ilə başa çatıb.

Bağlanış mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar çıxış ediblər.

“Həyatımıza məna qatan “TEKNOFEST Azərbaycan”ın sonudur. Festival yekunlaşdığı üçün təəssüflənsək də, qardaşlığımız davam etdiyinə görə xoşbəxtik”, – deyə Selçuk Bayraktar vurğulayıb.

Gələcəkdə “TEKNOFEST”in yenidən Bakıda, Şuşada keçiriləcəyini deyən S.Bayraktar əmin olduğunu bildirib ki, festivalda qazanılan təcrübələr Azərbaycan gəncliyinə kömək  olacaq, gənclər bu istiqamətdə öz fəaliyyətini bundan sonra da davam etdirəcəklər. “28 mayda Azərbaycanın Müstəqillik Gününü qeyd etdik. 29 may isə İstanbulun fəthinin 569-cu ildönümüdür. Bütün şəhidlərimizi rəhmətlə anırıq, ruhları şad olsun”, – deyə S.Bayraktar söyləyib.

O diqqətə çatdırıb ki, növbəti “TEKNOFEST” avqust ayında Türkiyənin Samsun şəhərində keçiriləcək.

Sonda festivalın bağlanışı münasibətilə konsert proqramı və lazer şou təqdim olunub.

Qeyd edək ki, festival çərçivəsində daha bir konsert mayın 28-də, Müstəqillik Günü münasibətilə təşkil olunub.  “Baku Kristal Hall”da baş tutan konsertdə gecə boyu təqdim olunan rəngarəng musiqilər və estrada nömrələri minlərlə izləyiciyə xüsusi zövq yaşadıb. Proqramda “Rast” qrupunun solisti, Əməkdar artist Lamiyə Kərimova, “Natiq” ritm qrupu, “Mirvari” rəqs qrupu, Dilarə Kazımova, Samira Ali Maryam, Xəyyam Nisanov, Mehin Hümbətova, Sevda Yəhyayeva, İlqar Xəyal, Azərin Tağıyeva, Tünzalə Ağayeva, Röya Ayxan və Zülfiyyə Xanbabayeva çıxış ediblər.