Dmitri Sitkovetski: “İfaçı sənətini sevməli və onu təkcə çörək ağacı hesab etməməlidir”

 

Əslən Bakıdan olan, hazırda Londonda yaşayan dünya şöhrətli skripka ifaçısı, dirijor Dmitri Sitkovetski bu günlərdə paytaxtımızın qonağı oldu. Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 15-20 may tarixində Bakıda “Dmitri Sitkovetski ilə görüşlər” adlı silsilə tədbirlər keçirildi.

Musiqiçi ilə görüşlər yaddaşlara unudulmaz məqamlarla yazıldı. Dmitri Sitkovetski ilə görüşlər bitsə də, təəssüratlar və yaranan əlaqələr qarşıda əməkdaşlıq üçün yeni üfüqlərin olduğunu göstərdi. Ustad dərsləri və mühazirələrdə gənclərin iştirakı, sənətkarın dəyərli məsləhətləri bizim də diqqətimizi cəlb etdi. 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində maestro ilə görüşdə iştirak edib onu dinləməyimiz eyni zamanda musiqi tarixi, Bakının musiqi mühiti ilə bağlı təəssüratlarımızı yeniləmiş oldu.

Həmin gün Dmitri Sitkovetski iştirakçıları skripka ifaçılığının “qızıl dövrü”nə səyahətə dəvət etdi. Avstriya əsilli Amerika bəstəkarı, skripkaçı, XX əsrin ən tanınmış ifaçılarından olan F.Kreysler, Y.Heyfets və Y.Menuxinin sənət şöhrəti haqqında maraqlı məlumatları diqqətə çatdırdı. Həmçinin violin ifaçılarının nadir audioyazılarını səsləndirərək onların ifa texnikalarını müqayisə etdi və Kreyslerin səslənmə gözəlliyi, Heyfetsin texniki mükəmməlliyi, Menuxinin dinamikasından söz açdı...

Görüşdə maestro imkan tapıb suallarımızı da cavablandırdı.

 

– Skripka ifaçılarına nələri tövsiyə edərdiniz?

– Əsas sevgi və qəlbin hərarətidir. İfaçı sənətini sevməli və böyük sevgi ilə yanaşmalıdır. Bir də o alətə təkcə, belə demək mümkünsə, çörək ağacı kimi baxmamalıdır. Musiqi duyumu, müəyyən hazırlıq səviyyəsi də mütləqdir. İfa zamanı texniki məsələlərlə yanaşı, bədii tərəf də həmişə diqqət mərkəzində olmalıdır. Elə bir az əvvəl sizinlə üç dahinin ifalarını dinlədik. Bu ifaları təqdim etməkdə də məqsədim sadaladıqlarımı göstərmək idi. Gənclər texniki baxımdan daha sadə əsərləri mənimsədikdən sonra mürəkkəb əsərlərə keçid etməlidirlər.

 

– Tələbəm deyə biləcəyiniz adlar varmı?

– Kiminləsə fərdi məşğul olmamışam. Sadəcə, istiqamət verdiyim adlar var ki, bu gün onlarla fəxr edirəm. İndi buradayam, sabah başqa bir şəhərdə. Ona görə də mən yalnız istiqamət verib yola düşən müəllimlərdənəm. Bu baxımdan Azərbaycandan dirijor Fuad İbrahimovu misal çəkə bilərəm. Onunla fəxr edirəm.

 

– Sevimli bəstəkarlarınız...

– Çoxdur. İ.S.Bax, S.Prokofyev, D.Şostakoviç, M.Ravel və başqaları. Əsərini ifa etdiyim hər bir bəstəkarı həmin məqamda sevirəm. Bəzən düşünürəm ki, mən bu bəstəkara uyuşa bilmərəm, amma aləti əlimə alıb ifaya başladığım məqamdan həmin bəstəkarı sevməyə başlayıram.

 

– Doğulduğunuz şəhərlə əlaqələrinizdən danışardınız...

– Bakı ilə daim yaradıcılıq əlaqələri saxlayıram. Burada çoxlu musiqiçi dostlarım var. Azərbaycanda təşkil edilən musiqi festivallarının daimi iştirakçısıyam. Elə bu gün sizinlə sağollaşandan sonra Fuad İbrahimovla ulu babalarımın ruhunu yad etmək üçün ailə qəbiristanlığına baş çəkəcəyəm.

 

– Mühazirə zamanı ananız, dünya şöhrətli pianoçu Bella Davidoviçin Bakı xatirələrindən də söz açdınız...

– Anam Bakıda sonuncu dəfə 2001-ci ildə olub. Onun gəncliyi və ən xoş xatirələri Bakı ilə bağlıdır. Hazırda 94 yaşı var və Nyu-Yorkda yaşayır. Bilirsiniz ki, babam – anamın atası M.N.Davidoviç Azərbaycanın görkəmli cərrahı və Əməkdar həkimi olub. Hər gəlişimdə onu da yad edirəm. Anam Bakıya gələcəyimi biləndə mənə dedi: “Oğlum, Bakıya mənim də gözlərimlə bax!”. Bu neçə gündə çalışıram ki, ən xoş münasibəti və sevgini buradan anama apara bilim...

 

– Uşaqlığınızı necə xatırlayırsınız?

– Bakıda doğulsam da, Moskvada böyümüşəm. Amma bu günə kimi uşaqlıq illərim, Bakı küçələrindəki gəzintilərim gözlərim önündədir. Mənim üçün ən önəmlisi həmyerlilərimin sevgisini duymaq və onlara qarşılıqlı cavab verməkdir. Yəni bu sevgini qarşılıqlı bölüşmək. Sizə maraqlı bir nüansı deyim. YARAT-da görüşümün mövzusu anamın sənətinə həsr edilmişdi. Anam sanki həmin gün vətənində onun xatırlanmasını hiss edib. Evdə köməkçisi mənə zəng edib dedi ki, uzun illər fasilədən sonra anam həmin gün royalın arxasına keçərək ifa etməyə başlayıb. Ona videozəng edib şəhəri və sevdiyi Xəzəri göstərdim...

 

– Sizə yeni yaradıcılıq uğurları arzulayırıq.

– Mən də bir neçə saatınızı sərf edib məni dinlədiyinizə görə təşəkkür edirəm.

L.Azəri