Azərbaycan Turizm Assosiasiyasının dəvəti ilə Amerika Qonaqpərvərlik Tədrisi İnstitutunun (American Hotel and Lodging Educational Institute (AHLEI)) bir qrup əməkdaşı oktyabrın 15-də Azərbaycana gələcək. Bu barədə məlumat verən AZTA-nın icraçı direktoru Aydın Məmmədovun sözlərinə görə, Amerikanın adıçəkilən institutu ilə əməkdaşlıq müqaviləsi bir müddət əvvəl imzalanıb.
   Sənədə əsasən, 2011-ci ilin sonuna qədər Azərbaycanda fəaliyyət göstərən hotellərdə xidmətin keyfiyyətinin artırılması məqsədilə müxtəlif istiqamətlərdə treninqlər keçiriləcək. Treninqlərə Bakı şəhərində, eyni zamanda bölgələrdə yerləşən hotellərin əməkdaşları cəlb ediləcək. Treninqlərin keçirilməsi üçün Amerikadan və Avropadan müəllimlər dəvət ediləcək. Seminarlar əsasən hotellərin rəhbərliyinə daxil olan şəxslər üçün nəzərdə tutulub.
   İcraçı direktor onu da bildirdi ki, proqram bir ilə yaxın davam edəcək.
  
   F.Abdullayeva