Musiqi gecəsi incəsənət ustaları ilə qazilərin maraqlı dueti kimi yaddaşlara yazıldı

 

Mayın 27-də Heydər Əliyev Sarayında Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər tarixi” adlı musiqili-bədii gecə keçirildi.

Vətən müharibəsi qazilərinin də səhnəyə çıxdığı, 28 May – Müstəqillik Gününə həsr olunan konsert Dövlət himninin səsləndirilməsi ilə başladı.

İlk olaraq səhnəyə çıxan Əməkdar artist Lalə Məmmədova və qazi Hacıbaba Abdurrahmanov A.Babayevin “Nazəndə sevgilim” mahnısını səsləndirdilər. Araz Fətəliyevin ifasında Azərbaycan xalq mahnısı “Sarı gəlin” tamaşaçıların diqqətini sarayın səhnəsinə daha dərindən bağladı.

Daha sonra qazilərin təqdim etdiyi S.Rüstəmovun “Oxu, tar”, xalq mahnısı “Laçın”, Hərbi Hava Qüvvələri orkestrinin ifasında qazi-bəstəkar Vüqar Məmmədzadənin “Zəfər marşı”,  eləcə də saz havaları, milli rəqslərimiz paytaxtımızın baş səhnəsində toplanan minlərlə tamaşaçının sürəkli alqışları ilə qarşılandı. Xanəndə Rəvanə Qurbanova və qazi Məbud Əhmədovun duetində Bəhram Nəsibovun “Qarabağ” mahnısı gecəyə xüsusi bir ovqat bəxş etdi. 25 qazinin çıxış etdiyi musiqili-bədii gecədə həmçinin vətənpərvərlik ruhunda şeirlər səsləndirildi.

Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, A.Zeynallı adına Musiqi Kolleci, C.Hacıyev adına 3 nömrəli Musiqi məktəbi, Bakı Xoreoqrafiya Akademiyasının məzun və tələbləri olan qazilər konsert boyu sənət və vətən anlamını bir ortamda təqdim etdilər. Haqq savaşımızın od-alovundan keçən sənətçiləri S.Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri,  F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (baş dirijor – Xalq artisti Ağaverdi Paşayev), Hərbi Hava Qüvvələrinin orkestri (orkestrin rəisi, hərbi dirijor Marif Səlimov) və ADMİU-nun tələbə heyəti böyük şövqlə müşayiət edirdi.

Layihənin rəhbəri və icraçısı Nərmin İsgəndərova, rejissoru Tərlan Rəsulov, məsləhətçi rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Böyük sevgi və maraqla qarşılanan musiqili-bədii gecə xeyriyyə məqsədi daşıyırdı və biletlərin satışından əldə olunan vəsait “YAŞAT” Fonduna ianə olunacaq.

L.Azəri