Gələn il Bakıda keçiriləcək «Eurovision» müsabiqəsi ukraynalıları ən çox maraqlandıran mövzu olub
   
   Oktyabrın 4-dən 6-dək Kiyevdəki Beynəlxalq Sərgi Mərkəzində 18-ci Beynəlxalq “Ukrayna-2011” turizm sərgisi keçirilib.
   
   Sərgidə Azərbaycanın turizm potensialı da nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədovun bildirdiyinə görə, sərgidə Azərbaycanın turizm potensialını nümayiş etdirmək üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 30 m2-lik stenddə 20 adda müxtəlif növ reklam-çap məhsulları nümayiş etdirilib: «Sərgidə dünyanın 40 ölkəsinin 600-dən çox şirkəti, rəsmi turizm qurumları, turizm şirkətləri və mehmanxanaları iştirak edirdilər. Stendimizə yaxınlaşan ziyarətçilərə ölkəmizlə bağlı ətraflı məlumatlar verdik, onlara Azərbaycanda turizmin inkişafı və perspektivləri haqqında danışdıq. Artıq ikinci ildir ki, biz bu sərgiyə Ukrayna dilində çap edilən Azərbaycana aid broşürlər aparırıq. Bu, ziyarətçilərin böyük marağına səbəb olur».
   Həmsöhbətimiz bildirdi ki, 2012-ci ilin mayında Bakıda keçiriləcək «Eurovision» mahnı müsabiqəsi ukraynalıları ən çox maraqlandıran mövzu idi. Kiyevdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələri də ölkəmizin stendinin ziyarətçiləri arasında üstünlük təşkil edirdi. Sərginin davam etdiyi günlərdə müxtəlif yerli kanallara və yazılı mətbuata müsahibələr verdik, onlara Azərbaycanın turizm imkanları, ölkəmizdə bu sektora dövlət tərəfindən göstərilən diqqət, yeni tikilən hotellər, «Turizm ili» çərçivəsində həyata keçirilən layihələrlə bağlı məlumatlar verdik».
   Sektor müdiri qeyd etdi ki, Azərbaycan artıq 4-cü dəfədir Kiyev sərgisində iştirak edir. Bu ölkəmizə gələn ukraynalı turistlərin sayının artmasına da müsbət təsir göstərir. 
   
Fəxriyyə Abdullayeva