Erməni hərbçisinin qətlində təqsirləndirilərək Macarıstanda ömürlük həbs cəzası almış Azərbaycan zabiti Ramil Səfərov tanınmış macar yazıçısı Maqda Sabonun “Qapı” romanını macarcadan Azərbaycan dilinə tərcümə edib. R.Səfərov bu işini 2009-cu ilin oktyabrında dünyasını dəyişmiş anası Nübar xanımın xatirəsinə ithaf edib. Əsərin əsas qəhrəmanları qadınlardır. Əsərdə başı çox bəlalar çəkmiş, öz həyatı ilə risk edərək həmişə insanlara kömək etmiş saf, mərd bir qadın olan Emerencin II Dünya müharibəsindən əvvəlki və sonrakı həyatı, onun şərəfli ölümü təsvir olunub. Maqda Sabo (1917-2007) Macarıstanın tanınmış qadın yazıçılarındandır.
   R.Səfərov kitaba yazdığı ön sözdə macar və Azərbaycan xalqının həyat tərzində, mədəniyyətində, tarixində çox oxşarlıq olduğunu qeyd edib: “Ümidvaram ki, mənim tərcümə etdiyim bu əsər xalqlarımızın bir-birini daha yaxından tanıması, dostluq əlaqələrimizin daha da genişləndirilməsi və möhkəmləndirilməsinə cüzi də olsa bir töhfə olacaq”.
   Kitab “AssA-İradə” agentliyində yığılaraq nəşrə hazırlanıb və “Çıraq” nəşriyyatında çap olunub.