Heydər Əliyev Fondu və Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən VIII Muğam Televiziya Müsabiqəsi finala doğru davam edir.

Müsabiqənin icraçı rəhbəri, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi bildirdi ki, müsabiqənin artıq 4-cü həftəsi “Mədəniyyət” kanalı vasitəsilə muğamsevərlərə təqdim olunur. Hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri Beynəlxalq Muğam Mərkəzindən canlı olaraq yayımlanan müsabiqə 31 may tarixində Ağdamdan efirə çıxıb. İyunun 2-də isə iştirakçılar Tərtərin qonağı olublar. 18 nəfər böyük yaş qrupu və 10 məktəbli ifaçının qatıldığı müsabiqədə 25 iştirakçı mübarizə aparıb.

İ.Fəhmi dedi ki, növbəti həftələrdə müsabiqə Bakıətrafı qəsəbələrdə çəkilişlərlə tamaşaçıların görüşünə gələcək.

Qeyd edək ki, mayın 10-da başlanan müsabiqədə ifaçıları Xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov və Əməkdar artist Fərqanə Qasımovadan ibarət münsiflər heyəti qiymətləndirir.