BMT İnkişaf Proqramının layihəsi əsasında aparılan araşdırmanın maraqlı nəticələri var
   
   BMT İnkişaf Proqramının Turizmin İnkişaf Layihəsinin Azərbaycan nümayəndəliyinin sifarişi əsasında “Yay tətilini keçirmək üçün Azərbaycanda yerli əhalinin turizm vərdişləri” mövzusunda aparılan araşdırmanın nəticələri məlum olub. Layihənin Azərbaycan üzrə milli koordinatoru Faiq Qürbətovun sözlərinə görə, sorğu Business Insight İnternational Research GROUP tərəfindən həyata keçirilib.
   
   Yay aylarında əhalinin üçdə ikisi istirahətə çıxır

   
   Sorğuda iştirak edən paytaxt sakinlərinin əksəriyyəti tətillərini məhz yay aylarına salıb, respublikanın səfalı yerlərində və xarici ölkələrdə dincəlməyə çalışırlar. Müqayisəli təhlil göstərir ki, məhz yay aylarında (iyun, iyul, avqust) istirahət edənlər ümumi respondentlərin 65,9 faizini təşkil edir. Paytaxt sakinləri daha çox avqust ayında tətilə üstünlük verirlər (31,5 %). Sorğunun nəticələrindən məlum olub ki, əsasən dəniz, qum və günəş üçlüyü üçün tətilə çıxanlar tətil ayı kimi iyul ayını seçirlər (25,8%). İşlədiyi iş yerini və havaların sərin keçməsini səbəb kimi göstərib mayın axırı - iyunun əvvəlində tətilə çıxanlar isə respondentlərin 3,7 faizini təşkil edir.
   Tətilini Azərbaycanda keçirənlər ümumi respondentlərin 55.6 faizini təşkil edir.
   Onların da əksəriyyəti 22-34 yaş arası respondentlərdir (55%). İşgüzar paytaxt sakinləri yay aylarında Azərbaycanın dilbər guşələrində dincəlirlər. Yay tətilini vətəndə keçirən paytaxt sakinləri bunu müxtəlif səbəblərlə izah edirlər. Əsas səbəb kimi Azərbaycanın görməli yerlərini və təbiətinin gözəlliyini göstərirlər (37.7%).
   “Yay tətilinizi keçirmək üçün siz ən çox Azərbaycanın hansı rayonuna səyahət edirsiniz” sualına cavablarında 42 rayonun adını çəksələr də, Xaçmaz-Nabran və Qəbələ (13%) üstünlük təşkil edib.    

   Türkiyə azərbaycanlıların ən çox seçdiyi turizm ölkəsidir
   
   “Yay tətilinizi keçirmək üçün siz ən çox hansı ölkəyə səyahət edirsiniz” sualına cavab olaraq ümumilikdə 39 ölkənin adını qeyd edən respondentlərin sevimli ölkəsi 42,3 faizlə Türkiyədir. Rusiyaya turizm ölkəsi kimi gedənlər isə respondentlərin 19,6 faizini təşkil edir. Sorğuda verilən cavabların təhlili onu da göstərir ki, əksər turistlər bu yay getdikləri turizm marşrutu üzrə növbəti il də getməyi planlaşdırırlar (61,9%). 17,3 % respondent isə müxtəlif səbəblərdən bu il yay tətilinə çıxmadıqlarını vurğulayıblar.
   
   Xarici ölkələrdə istirahət orta hesabla 2046 manata başa gəlir

   
   “Yay tətilinizi keçirmək üçün orta hesabla nə qədər vəsait xərcləyirsiniz” sualına verilən cavablardan məlum olur ki, respondentlər yay tətili ərzində istirahətə orta hesabla adambaşına 1370 manat pul xərcləyirlər. Ölkə daxilində bu rəqəm 693, xarici ölkələrdə xərclənən pul isə orta hesabla 2046 manat təşkil edir.
   Araşdırma nəticəsində müəlliflər Azərbaycanda turizm sahəsinin inkişaf etdirilməsi üçün iki əsas məqama xüsusilə diqqət yetirilməsini aydınlaşdırıblar. Məlum olub ki, ölkəmizdə ilk növbədə turizm ixtisaslı peşə məktəbləri olmalı, burada peşəkar kadrlar yetişdirilməli, eyni zamanda turizm bazarının milli marketinq strategiyası hazırlanmalıdır. 
   
   Fəxriyyə Abdullayeva