Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 14 saylı Uşaq musiqi məktəbi “Şuşa İli”nə həsr edilmiş “Vətənim, Azərbaycanım, Şuşam!” adlı hesabat konserti ilə çıxış edib.

İdarədən bildirilib ki, şagirdlərin ifasında Azərbaycan bəstəkarlarının əsərləri, eləcə də xalq mahnıları səslənib. Xor kollektivi, “Ada” instrumental ansamblı və nağaraçalanlar ansamblı, həmçinin birinci sinif şagirdlərindən ibarət xalq çalğı alətləri ansamblının çıxışları alqışlarla qarşılanıb.

“İpək yolu” kamera orkestrinin iştirakı konsertə xüsusi rəng qatıb. Əməkdar artist Vaxtanq İmanovun bədii rəhbərliyi və dirijorluğu ilə peşəkar musiqiçilər şagirdləri həvəslə müşayiət ediblər. VII sinif şagirdi Aqşin Məmmədlinin ifasında F.Sücəddinovun “Vətən balladası” konsertin ən yaddaqalan nömrələrindən olub.