Qırğızıstanın paytaxtı Bişkekdə Türk Akademiyaları Birliyinin iclası keçirilib. Birliyə AMEA-nın sədrliyi dövrünün hesabatı dinlənilərək müzakirə edilib. Əsasnaməyə görə, sədrliyin növbəti respublikanın akademiyasına təqdim edilməsi mərasimi keçirilib.
Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbiri Qırğızıstan Elmlər Akademiyasının prezidenti, akademik Murat Cumatayev açıb. Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Darxan Kıdıralı türk respublikaları akademiyalarının əməkdaşlığı və qarşıda duran vəzifələrdən danışıb.
2015-ci ildə yaradılan Türk Akademiyaları Birliyinə qəbul edilmiş əsasnaməyə uyğun olaraq, 2015-2016-cı illərdə Qazaxıstan, 2017-2018-ci ildə Türkiyə, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası sədrlik edib.
İclasda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Türk Akademiyaları Birliyinə sədrliyi dövrünə dair məruzə ilə çıxış edib. Məruzədə son üç ildə akademiyalararası inteqrasiyanın genişləndirilməsi, ortaq türk mirasının beynəlxalq miqyasda tanıdılması, çap edilmiş mühüm elmi nəşrlər haqqında məlumat verilib.
Müzakirələrdə Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti Bəhram Abduxalimov, Rusiya Federasiyası Tatarıstan Elmlər Akademiyasının prezidenti Myakzyum Salixov, Qırğızıstan Elmlər Akademiyası Humanitar elmlər bölməsinin sədri Abdıldacan Əkmətəliyev və başqaları çıxış ediblər.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı müzakirələrə yekun vurub. Əsasnaməyə görə, Türk Akademiyaları Birliyinə 2022-2023-cü illərdə sədrlik etmək Qırğızıstan Elmlər Akademiyasına həvalə olunub. Birliyin rəmzi estafetini bildirən bəyannamə Qırğızıstan Elmlər Akademiyasının prezidenti Murat Cumatayevə təqdim edilib.
İclasda son illərdə Özbəkistanda vaxtilə müxtəlif səbəblərdən ayrı-ayrı nazirliklərə verilmiş elmi tədqiqat institutlarından bir çoxunun yenidən Elmlər Akademiyasına qaytarılması, Qazaxıstan Elmlər Akademiyasının ictimai təşkilat olaraq fəaliyyət göstərməsinin aradan qaldırılaraq, quruma dövlət statusunun bərpa olunması, Qırğızıstan Elmlər Akademiyasının fəaliyyətinin ayrıca müddəa kimi ölkənin Konstitusiyasına daxil edilməsi, Beynəlxalq Türk Akademiyası üçün xüsusi binanın tikilib istifadəyə verilməsi, ortaq tarix, ortaq ədəbiyyat və ortaq coğrafiya dərsliklərinin hazırlanması mühüm yeniliklər kimi diqqətə çatdırılıb.
İştirakçılar Qırğızıstan Elmlər Akademiyasının elmi tədqiqat institutlarında olub, Zoologiya muzeyini ziyarət ediblər. Ana Beyit panteonunda dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun məzarı da ziyarət olunub.