Çində pandemiya geri qayıdır
Dünyanın böyük bir hissəsində pandemiyanın tədricən başa çatdığının elan olunduğu, həyatın normal axara qayıtdığı, o cümlədən beynəlxalq festival və müsabiqələrin ənənəvi formatda təşkil olunduğu bir vaxtda Çində proseslər yenidən əks istiqamətdə getməyə başlayıb.
Çinin ən nüfuzlu kino forumu – Şanxay Beynəlxalq Film Festivalı koronavirus pandemiyasının yenidən baş qaldırması səbəbindən ləğv edilib. Məlumat verilir ki, sayca 25-ci Şanxay Beynəlxalq Film Festivalı bir il sonraya – 2023-cü ilə ertələnib.
“Yeni koronavirus epidemiyasının təsiri ilə əlaqədar təşkilat komitəsi 2022-ci ilin iyun ayına planlaşdırılan 25-ci Şanxay Beynəlxalq Film Festivalının növbəti ilə keçirilməsinə qərar verib”, - deyə təşkilatçılar bildirib.
Maraqlıdır ki, Şanxay kinofestivalı hətta pandemiyanın qızğın dövrü sayılan 2020-ci ildə belə ləğv olunmamış və proqramı ixtisar edilərək, həmçinin tədbirlərin bir qismi onlayn rejimdə olsa da, 25 iyul – 2 avqust tarixlərində keçirilmişdi. Bu, COVİD-19 pandemiyasının ilk ilində dünya üzrə kinoteatrlarda nümayişi təşkil edilən yeganə beynəlxalq festival idi. Filmlər Şanxayın 29 kinoteatrında göstərilmişdi.
Qeyd edək ki, Şanxay Beynəlxalq Film Festivalı 1993-cü ildən keçirilir. Festivalın münsiflər heyətinə müxtəlif vaxtlarda dünya şöhrətli kinematoqrafçılar daxil olub.
V.Kamal