Ölkəsinə, vətəninə, xalqına, dövlətinə xidmət edən hər kəs vətəndaş sayılır. Amma elə insanlar da var ki, onlar yalnız öz ölkəsində, öz dövlətində deyil, dünya miqyasında tanınırlar. Belə şəxsiyyətləri isə fədakar vətəndaş adlandırmaq olar. Çünki onlar yalnız öz həyatını deyil, xalqının adının ucalığını, dövlətinin, vətəninin dünyada təmsil olunmasını düşünərək daim fədakarlıqla çalışırlar. Azərbaycan bəstəkarlıq məktəbini təmsil edən Firəngiz Əlizadə məhz belə simalardandır. O həm Azərbaycanın, həm də dünyanın tanıdığı sənətkardır.

Azərbaycanın Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, “Şöhrət” və “Şərəf” ordenləri, “Ağa Khan Music Awards-2019” mükafatı laureatı, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri. Bir adın qarşısında bu qədər titulların olması, təbii ki, fədakar vətəndaşlığın, yüksək əyarlı sənətkarlığın, şərəfli, ləyaqətli bir şəxsiyyət olmağın bariz nümunəsidir. Bu sadalanan yüksək fəxri adların arxasında zərif simalı, gözəl qəlbli, bütün varlığı ilə xalqına bağlı olan böyük vətəndaş dayanır. O, sələflərinin yolunu, əməllərini layiqincə davam etdirməyi bacaran, eyni zamanda musiqi sənətində yeni yollar açan Firəngiz Əlizadədir.

Azərbaycan musiqisini dünya səviyyəsində təbliğ və təmsil edən Firəngiz Əlizadə geniş yaradıcılıq irsi ilə daim məşhur musiqiçilərin diqqətini cəlb edib. Onun əsərləri həm vətənində, həm də uzaq ölkələrdə tanınaraq müasir Azərbaycan musiqisinin inikasına çevrilib. Bəstəkarın özünəməxsus fərdi üslubu xalq yaradıcılığından, muğam sənətindən bəhrələnərək onları müasir musiqi elementləri ilə qovuşdurmaq bacarığının təzahürüdür. Bu yazıda Firəngiz Əlizadə yaradıcılığının təhlilinə yer versək, onda mövzudan  uzaqlaşmış olarıq. Çünki bəstəkarın yaradıcılığı və ictimai fəaliyyəti çox genişdir. Bizim isə məqsədimiz onun yubiley günlərinin ümumi şərhini verməkdir.

31 may – 4 iyun tarixlərində Firəngiz Əlizadənin yubileyi ilə əlaqədar gerçəkləşən musiqi festivalı mədəni həyatda geniş rezonans doğurdu. Bu günlərdə müxtəlif musiqi ocaqlarında bəstəkarın əsərləri səsləndi, onunla görüşlər keçirildi. Bütün bunlar Firəngiz xanımın fədakar fəaliyyətinin bəhrəsidir. Bu fəaliyyətin bariz nümunəsi mayın 20-də Azərbaycan Bəstəkarlar İttifaqında təqdim olunan sənədli filmdə də öz əksini tapıb. Rejissor Cahangir Zeynalov tərəfindən çəkilmiş filmdə unikal kadrlar, Firəngiz Əlizadənin dünya səhnələrindəki çıxışları, dünyanın görkəmli musiqiçilərinin bəstəkarla görüşləri, onun haqqında dəyərli fikirləri təqdim olunur.

Mayın 25-də Rostropoviçlərin ev-muzeyində bəstəkarla musiqi ictimaiyyətinin görüşü keçirildi. Burada da bəstəkarın geniş yaradıcılıq irsindən söhbət açıldı, gənc musiqiçilər öz ifalarını sənətkara ərməğan etdilər. Tədbirdə Firəngiz xanım “Dədə Qorqud” Cəmiyyəti tərəfindən “Mehriban ana” ordeni ilə təltif olundu.

28 May – Azərbaycanın Müstəqillik, Firəngiz xanımın isə doğum günü. Dövlət başçımız İlham Əliyev mayın 27-də imzaladığı sərəncamla Firəngiz Əlizadə musiqi mədəniyyətimizin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi.

31 may – Firəngiz Əlizadənin yubileyinə həsr olunan musiqi festivalının ilk günü Azərbaycan Bəstəkarlar İttifaqında elmi konfrans keçirildi. Tanınmış musiqi xadimləri, musiqişünas və pedaqoqlar bəstəkarın musiqi irsindən bəhs etdilər, onun zəngin yaradıcılıq fəaliyyətindən, Şərq və Qərb, millilik və müasirlik, ənənə və novatorluğun orijinal şəkildə sintez edilməsinə əsaslanan üslub xüsusiyyətlərindən danışdılar.

Festival çərçivəsində iyunun 1-də Beynəlxalq Muğam Mərkəzində bəstəkarın əsərlərindən ibarət konsert bir çox maraqlı cəhətlərlə yadda qaldı. Qara Qarayev adına Dövlət Kamera Orkestrinin və solistlərin ifasında Firəngiz Əlizadənin dünyanın məşhur konsert salonlarında səslənən əsərləri təqdim olundu. Onu da qeyd edək ki, bir neçə solist xaricdən gələn musiqiçilər idi. Onur Özkan (kontrabas, Türkiyə), Margis Kuplais (violonçel, İsveçrə). Konsertdə müxtəlif illərdə yazılan əsərlər ifa olundu: “Methamorfosis” (Simli orkestr üçün, 2002), “Sirius” (Solo vibrafon üçün, 2015), “Deyişmə II” (Kontrabas, tabla və kamera orkestri üçün, 2005), “Oyan!” (Solo violonçel üçün, 2005), “Dance” (Kamera orkestri üçün, 2016).  

Festival çərçivəsində iyunun 2-də Milli Kitabxanada bəstəkarla görüş və onun yaradıcılıq sərgisi keçirildi. Bu yaradıcılıq sərgisində Firəngiz xanımın Qara Qarayev haqqında və digər kitabları, eyni zamanda müxtəlif müəlliflərin onun həyat və yaradıcılığından bəhs edən kitabları sərgiləndi. Təqdimatın ən önəmli cəhəti Firəngiz Əlizadənin məşhur dünya şirkətləri tərəfindən buraxılan audio və video diskləri idi. Bəstəkar öz şəxsi arxivində saxlanılan və dünya şirkətlərində qorunan bu disklərin yazılma tarixindən ətraflı danışdı. Sərgidə xarici musiqişünasların da bəstəkar haqqında kitabları vardı. Tədbirdə Almaniyadan gələn Qabriel Teşner də çıxış edərək Firəngiz xanımın dünya musiqisində rolundan və əhəmiyyətindən söz açdı.

Festivalın 3 iyun tarixi yenə də tamaşaçıları bəstəkarın musiqisi ilə baş-başa qoydu. Həmi gün Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlərin ifasında maraqlı əsərlər təqdim olundu. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov bəstəkarı ölkə rəhbərliyi adından təbrik etdi.

Konsert proqramına Firəngiz xanımın “Nağıllar” (Böyük simfonik orkestr üçün, 2002, Bakıda ilk ifa), “Mərsiyə” (Violonçel və simfonik orkestr üçün konsert, 2002), “İntizar” operasından Ananın ariyası, “Nizami Cosmology” (Simfonik orkestr və elektron səsləri üçün, 2021, Bakıda ilk ifa) əsərləri daxil edilmişdi. Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə səslənən bu əsərlərin sonuncusu ilk dəfə ifa olunan “Nizami Cosmology” idi. Nizami poetik dünyasının Firəngiz Əlizadə musiqisi ilə vəhdəti kamil sənətkarlığın ifadəsidir.  Bəstəkar bu əsəri ilə klassik Azərbaycan poeziyasının musiqidə təcəssümünün yüksək peşəkarlıqla tərənnümünə nail olub.

Festivalın sonuncu günü – iyunun 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “İntizar” operasının tamaşası oldu. Xalqımızın 30 il intizarında olduğu yurd yer həsrətinin vüsalını bəstəkar hələ bir neçə il bundan əvvəl öz operasında ağ atlı oğlanın simasında təqdim etmişdi. Onun möhtəşəm və ümid dolu musiqisi sanki mübariz xalqın – Ali Baş Komandanımızın  və rəşadətli Ordumuzun Vətən müharibəsində Qələbə sorağının carçısıdır. Operanın belə möhtəşəm musiqi ilə tamamlanması, yəni epiloqu sanki elə yubiley tədbirlərinin də kulminasiyası oldu. Elə biz də bu möhtəşəmliyin sədaları altında festival iştirakçılarının və sənətsevərlərin bəstəkara olan ürək sözlərini və arzularını belə ifadə edirik. 

Daim yaradıcılıq axtarışında olan Firəngiz Əlizadə bu gün də ənənəsinə sadiqdir. O, Azərbaycanı – doğma Vətənini böyük məhəbbətlə sevir və ona şərəflə xidmət edir. İnanırıq və əminik ki, onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək. Belə sənətkarın hər bir uğuru elə xalqın, vətənin uğuru deməkdir.

Səadət Təhmirazqızı
Əməkdar mədəniyyət işçisi