Qara Qarayevin vəfatının 40 illiyinə ithaf olunan növbəti musiqi axşamı

 

Bu il dünya şöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Qara Qarayevin (1918-1982) əbədiyyətə qovuşmasının (13 may) 40-cı ildönümüdür. Bu münasibətlə müxtəlif tədbirlər keçirilir, dahi musiqiçinin yaradıcılıq salnaməsi vərəqlənir, onun Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələr minnətdarlıqla yada salınır.

İyunun 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev-Muzeyində gerçəkləşən konsert də görkəmli bəstəkarın xatirəsinə ehtiramın ifadəsi idi. 

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Qara Qarayevin əbədiyaşar irs yaratdığını söylədi. Bildirdi ki, dahi bəstəkar XX əsrin bəşəriyyətə bəxş etdiyi böyük şəxsiyyətlərdən biridir. O, musiqimizdə gələcəyə yeni yollar açan novator sənətkar olub. Parlaq musiqisi, çoxşaxəli fəaliyyəti və alovlu publisistikası Azərbaycan, eləcə də dünya musiqisinin inkişafına təsir göstərib.

Qara Qarayevin Ev-Muzeyinin direktoru, sənətkarın qızı Züleyxa Bağırova-Qarayeva çıxışında bəstəkarın musiqinin müxtəlif janrlarında bir-birindən dəyərli, rəngarəng əsərlər yaratmasından danışdı. Diqqətə çatdırdı ki, Qara Qarayev görkəmli bəstəkar olmaqla bərabər, həm də zəngin dünyagörüşünə, ensiklopedik biliyə, fəlsəfi ümumiləşdirmələrə malik alim, mütəfəkkir idi. O, dünya musiqi elminin son nailiyyətlərini böyük dəqiqliklə öyrənmiş, ədəbiyyat və teatrın da bilicisinə çevrilmişdi.

Çıxışlardan sonra konsert proqramı təqdim edildi.

Xalq artisti Ülviyyə Hacıbəyova (fortepiano) Qara Qarayevin “6 uşaq pyesi”, Əməkdar artist Fəridə Məmmədova, beynəlxalq müsabiqələr laureatları Mahir Tağızadə (vokal) bəstəkarın “Çılğın qaskoniyalı” müziklindən parçalar, beynəlxalq müsabiqələr laureatı Səbinə Quliyeva (violin) və Bakı Musiqi Akademiyasının dosenti Nərgiz Salmanlı (fortepiano) “Adajio” əsərini ifa etdilər.

Sonra Ülviyyə Hacıbəyova Q.Qarayev sənət məktəbinin yetirmələrindən İsmayıl Hacıbəyovun “Albomdan səhifələr”, Fərəc Qarayevin “Cənab Bi-Layn – ekssentrik” və digər əsərləri səsləndirdi.

Bütün ifalar alqışlarla qarşılandı.

Çıxış və ifalar muzeyin kolleksiyası əsasında hazırlanmış Qara Qarayevin həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olundu.

Savalan Fərəcov