Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə iyunun 7-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında dünya şöhrətli bəstəkar və müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyi münasibətilə “Ey əziz anam, Azərbaycan” adlı konsert keçirilib.

Konsertdə Müslüm Maqomayev adına 26 saylı onbirillik Musiqi məktəbinin heyəti çıxış edib.

Orxan Həşimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiət etdiyi proqramda məktəbin xoru, “Buta” qanunçalanlar ansamblı, “Fantaziya” skripkaçılar ansamblı, eləcə də təhsil ocağının şagirdləri və müəllimləri  Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndiriblər.

Konsertdə Müslüm Maqomayevin repertuarından mahnılar ifa olunub və onun həyatından bəhs edilən videoçarx nümayiş etdirilib.

Məktəbin birləşmiş xorunun ifasında L.Mehdiyevanın Müslüm Maqomayevə həsr etdiyi “İthaf” əsəri böyük sənətkara ehtiramın təcəssümü kimi tamaşaçıların yaddaşında iz qoyub.