Vyanadakı “Motsart zalı”nda möhtəşəm konsert proqramı

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə bu il dünya şöhrətli bəstəkar, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunur.

Bəstəkarın 100 illiyinin UNESCO-nun 2022-2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür.

Fikrət Əmirovun yubileyinə həsr olunmuş növbəti tədbir dünya klassik musiqisinin beşiyi sayılan Vyana şəhərində keçirilib. Şəhərin mərkəzində yerləşən “Konzerthaus”da, Avstriyanın ən mükəmməl akustikaya malik “Motsart zalı”nda keçirilən konsert Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.

Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Vyana Akademik Orkestri Fikrət Əmirovun əsərlərindən ibarət proqramla çıxış edib. Konsertdə bəstəkarın balet, simfoniya, konsert və romans kimi rəngarəng əsərlərinə müraciət olunub. Proqramda ilk olaraq “1001 gecə” baletindən “Şəhrizadın bayramı” ifa edilib. Gənc ifaçı Mərziyyə Hüseynovanın səsləndirdiyi “Azərbaycan elləri“ romansı isə xüsusi maraqla qarşılanıb.

Fikrət Əmirovun yaradıcılığında simfonik əsərlərin əhəmiyyətini nəzərə alaraq, proqramda bəstəkarın dahi Azərbaycan şairi Nizaminin xatirəsinə ithaf etdiyi simli orkestr üçün “Nizami“ simfoniyası səsləndirilib. Əsər tamaşaçıların sürəkli alqışlarına səbəb olub.

“Fortepiano və orkestr üçün ərəb mövzuları əsasında konsert”in ifasında solist kimi Azərbaycanın Xalq artisti Yeganə Axundova (fortepiano) çıxış edib. Əsərin musiqi dili, melodik çalarları, milli musiqi intonasiyalarının müasir musiqi texnikaları ilə mükəmməl vəhdəti, solist və orkestrin ifası uğurlu musiqili axşamın zirvə nöqtəsini təşkil edib.

Bədii rəhbər və dirijor Fuad İbrahimovun dahi bəstəkarın repertuarından seçdiyi əsərlər və orkestr ilə mövzulara peşəkar yanaşması bir daha Avropa dinləyicilərinə Azərbaycan klassik musiqisinin özünəməxsus ifadə zənginliyi, texniki və bədii keyfiyyətlərini nümayiş etdirib.