Ölkəmizdə bu sahədə qısa müddətdə mühüm nəticələr əldə edilib
   
   Azərbaycan hələ qədim zamanlardan xarici səyyahlar üçün cəlbedici məkan olub. «Böyük İpək yolu»nun ölkəmizdən keçməsi əcnəbilərin Azərbaycana marağını daha da artırırdı. O zamanlar karvan ticarəti dövlətin mühüm gəlir mənbəyi olduğu üçün yolların kənarında çoxsaylı karvansaraların olması, bir çox ölkələrlə iqtisadi və mədəni əlaqələrin genişlənməsi səyahətlərin inkişafına təkan verirdi.
   
   Azərbaycanda mütəşəkkil turizmin inkişafı isə XX əsrə təsadüf edir. Lakin Azərbaycanın çox zəngin təbii potensiala malik olmasına baxmayaraq, digər sovet respublikaları ilə müqayisədə turizm o qədər də inkişaf etməmişdi. Yalnız ölkəmiz müstəqilliyini bərpa etdikdən və keçid dövrünün böhran və çətinlikləri arxada qalandan sonra bir çox sahələrdə olduğu kimi, turizm sahəsində də əsaslı şəkildə inkişaf başlandı.
   
   Son 5 ildə turizm sahəsinin göstəriciləri 3 dəfədən çox artıb
   
   Ekspert qiymətləndirmələrinə görə, ötən 20 ili üç mərhələyə bölmək olar. Birincisi, Azərbaycan müstəqillik qazanan dövrdə böyük bir imperiya dağılıb və Azərbaycan bazar münasibətlərinə keçib. Bazar münasibətlərinə keçid prosesində transformasiya itkiləri baş verib. 1995-ci ilədək davam edən bu dövr turizm sahəsi üçün də səciyyəvi olub. 1995-ci ildə ölkənin ümumi daxili məhsulu 1990-cı ilin göstəricisinin 30 faizini təşkil edirdi. 1996-cı ildən başlayaraq, 2004-2005-ci illərə qədər olan dövrdə Azərbaycan birinci mərhələdəki transformasiya itkilərinin yerini doldurmaqla məşğul olub və 2004-2005-ci illərdə 1990-cı ilin iqtisadi səviyyəsinə çatıb. Bu dövr bərpa illəridir. Həmin dövrü turizm sahəsində də bərpa və canlanma dövrü kimi qiymətləndirmək olar. Bu illər ərzində turizmin inkişafına dair 1-ci proqram, «Turizm haqqında» qanun qəbul edildi. 2005-ci ildən sonrakı mərhələ Azərbaycanda sürətli artım və yüksəliş dövrüdür. Bu inkişaf turizm sektoruna da aiddir. Mədəniyyət və Turizm Nazirliyi yarandığı 2006-cı ildən turizm sahəsi ölkənin qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. Digər ölkələrlə müqayisədə Azərbaycanda bu sahədə qısa müddətdə mühüm nailiyyətlər əldə edilib. Bu illər ərzində turizm sənayesinin bütün göstəriciləri 3-3,5 dəfə artıb.   

   İnkişaf statistikanın güzgüsündə
   
   Statistikaya nəzər salaq. Əgər 2001-2002-ci illərdə respublika üzrə cəmi 70-90 mehmanxana var idisə, indi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda 318 mehmanxanaya turizm fəaliyyətinə dair lisenziya verilib. Ölkədə mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin sayı 504-dür. Onların təxminən 35 faizi Bakı şəhərinin payına düşür. Bu obyektlərdə 30 min 793 yataq yeri var. Hazırda ölkədə 211 turizm şirkəti nazirliyin lisenziyası əsasında fəaliyyət göstərir.
   2010-cu ildə Azərbaycana 1 milyon 962 min 906 nəfər əcnəbi gəlib. Onlardan 1 milyon 494 min 725 nəfəri turist olub. Bu ilin ilk 6 ayı ərzində isə bu rəqəm 1 milyon 16 min nəfər olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz artım deməkdir. İlin sonuna qədər ölkəyə gələn turistlərin sayının 2 milyon 100 mini aşacağı gözlənilir. Növbəti 5 ildə isə bu rəqəmin 3 milyonu keçəcəyi proqnozlaşdırılır.
   Artıq həm yerli, həm də xarici iş adamlarının ölkəmizin turizm sənayesinə investisiya qoymaq maraqları yaranıb. Hazırda ölkə ərazisində 40-dan çox mehmanxana və mehmanxana tipli obyekt inşa olunur. Bu sırada beynəlxalq hotellər şəbəkəsinə daxil olan mehmanxanaların tikintisini xüsusi qeyd etmək yerinə düşərdi. Paytaxtda inşa olunan 6 beynəlxalq brendli beşulduzlu hoteldən ikisi - “Kempinski Hotel Badamdar” və «Hilton Baku» ölkə başçısı İlham Əliyevin iştirakı ilə açılıb. Digər 4 mehmanxananın (“Marriott”, “Four Seasons”, “Fairmont” və “Jumeirah Bilgah Hotel”) açılışı isə bu ilin sonu və 2012-ci ilin əvvəlində olacaq.
   Azərbaycan 1999-2000-ci illərdə cəmi bir neçə beynəlxalq turizm sərgisinə qatılırdı. İndi il ərzində Mədəniyyət və Turizm Nazirliyi ölkəmizi 20-dən artıq xarici ölkədə keçirilən beynəlxalq turizm sərgilərində təmsil edir. Bundan əlavə, ölkənin tanıtımı istiqamətində də çoxsaylı işlər görülür. Dünyanın nüfuzlu kanallarında Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxları yerləşdirilir. Habelə beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı, GUAM, İƏT və başqa beynəlxalq qurumlarla sıx əməkdaşlıq nəticəsində Azərbaycan artıq dünyada yeni bir turizm məkanı kimi tanınmağa başlayıb.
   
   Turizmin inkişafının qanunvericilik əsası
   
   1999-cu ildə «Turizm haqqında» qanunun qəbul edilməsi, 2004-2008-ci illəri əhatə edən birinci regional inkişaf proqramının həyata keçirilməsi Azərbaycanda turizmin inkişafı üçün mühüm hüquqi baza yaratdı, bu sahədə görüləsi işləri müəyyənləşdirdi, regionlarda turizmin inkişafı üçün ilkin infrastrukturun qurulması başlandı.
   Ötən il “2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair” Dövlət Proqramının qəbul olunması, 2011-ci ilin ölkə prezidenti tərəfindən “Turizm ili” elan edilməsi, bununla əlaqədar geniş Tədbirlər Planının təsdiq edilməsi dövlət səviyyəsində turizmin inkişafına verilən dəstəyin göstəricisidir. Bu tədbirlərin nəticəsidir ki, ölkəmizdə turizm sənayesi yeni mərhələyə qədəm qoyub. “Eurovision -2012” müsabiqəsinin Azərbaycanda keçirilməsi ölkəmizin turizm potensialını dünyaya tanıtmaq üçün daha bir təkan olacaq.
   Biz artıq 20 illik müstəqillik dövründə Azərbaycanın inkişafının üçüncü mərhələsinin kontekstində turizmin də sürətli inkişafını görürük və bu sürətlə Azərbaycan yaxın 4-5 ildə dünyada öz potensialına uyğun turizm ölkəsinə çevriləcək.

   Fəxriyyə Abdullayeva