Türkiyənin Safranbolu şəhərində ənənəvi “Qızıl zəfəran” Beynəlxalq sənədli filmlər festivalı bu il 8-11 iyun tarixində keçirilib. “Mədəni irs və mühafizə” mövzusuna həsr olunan festivalda Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı da iştirak edib.

Bu il 23-cüsü keçirilən festival sənədli filmlərin nümayişi, çıxışlar, sərgilər, konsertlər, səhnə şouları və yerli mətbəxin təbliği kimi bir çox tədbirlərlə zəngin olub.

Leyla Dizdar Mədəniyyət Mərkəzində keçirilən bağlanış mərasimində sənədli film və foto müsabiqələri üzrə qaliblər təltif edilib.

Türk rejissoru Aslı Akdağın “Gözləmə” filmi “Ən yaxşı sənədli film mükafatı”nı allb. “Münsiflər heyətinin xüsusi mükafatı” Fransa rejissoru Siril Kornuya “Mamodi, sonuncu baobab qazanı” filminə görə verilib. Tammetrajlı film üzrə mükafata “Ədviyyatlı desert” filminin rejissoru Didem Şahin layiq görülüb.

Foto müsabiqəsində Barış Topdemir “Toxuculuq” əsəri ilə birinci, Ahmet Harmancı “Fotoqraf” əsəri ilə ikinci, Mehmet Yılmaz “Mədəni irs” əsəri ilə üçüncü mükafata layiq görülüblər.

Qaliblərə mükafatları Safranbolu Bələdiyyəsinin başqanı və festival komitəsinin rəhbəri  Elif Köse, Safranbolu kaymakamı Mehmet Türköz, İzmit Bələdiyyəsi başqanı Fatma Kaplan və başqaları təqdim ediblər.

Tədbir çərçivəsində Safranbolu Bələdiyyəsi başqanı ilə görüşən Elçin Qafarlı TÜRKSOY-un Baş katibi Sultan Raevin salamlarını çatdırıb, dəvətə görə təşəkkür edib. Görüşdə TÜRKSOY ilə Safranbolu Bələdiyyəsi arasında birgə layihələr də müzakirə edilib. Elçin Qafarlı bələdiyyə başqanına TÜRKSOY-un xatirə hədiyyəsini və “Qarabağ: işğaldan əvvəl və sonra” kitab-albomunu təqdim edib.

Mehparə Sultanova
Ankara