Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı növbəti dəfə Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsinə ev sahibliyi edib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tələbələr layihə çərçivəsində iyunun 10-da M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsərinin tamaşasına baxıblar.

Tamaşanın quruluş müəllifi mərhum rejissor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, rejissoru Anar Sadıqov, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şərif, bəstəkarı Xalq artisti Səyavuş Kərimidir. Rəqslərin quruluşunu Zakir Ağayev və Yelena Ağayeva veriblər.

Tamaşada Xalq artistləri Cəfər Namiq Kamal, Sabir Məmmədov, Əli Nur, Əməkdar artistlər Mətanət Atakişiyeva, Elnar Qarayev, Məzahir Cəlilov, Elxan Quliyev, Aslan Şirin, Kazım Həsənquliyev, Rəşad Bəxtiyarov, Ayşad Məmmədov, Mirzə Ağabəyli, eləcə də aktrisalar Şəhla Əliqızı, Rada Nəsibova, İlahə Həsənova, Nigar Güləhmədova, aktyorlar Rüstəm Rüstəmov, Elnur Qədirov, Elçin Əfəndi, Elsevər Rəhimov, Ramin Şıxəliyev, İlyas Əhmədov, Cümşüd Zeynalov çıxış edirlər.

Qeyd edək ki, “Mədəni gənclik” layihəsinin məqsədi gənclərin incəsənətə marağının artırılması, onların ölkənin mədəni proseslərinə cəlb edilməsi, Azərbaycan gənci və mədəniyyətimiz arasında körpü salmaq, mədəni dəyərlərimizə sahib çıxacaq nəslin yetişdirilməsinə töhfə verməkdir.

Akademik Milli Dram Teatrı mayın 21-də “Ölülər” tamaşası ilə “Mədəni gənclik” layihəsinə öz qapılarını açmışdı.