İyunun 10-da Səməd Vurğunun Ev-Muzeyində istedadlı yazar Aysel Fikrətin “Kaktus çiçəyi” adlı hekayə, esse və şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU), Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının müəllim və tələbələri iştirak ediblər.
Əvvəlcə ADMİU-nun müəllimi Kəmalə Mehdiyevanın rəhbəri olduğu Səhnə danışığı kafedrasının tələbələri “Kaktus çiçəyi” kitabının motivləri əsasında hazırlanan kompozisiya ilə çıxış ediblər. Sonra Aysel Fikrətin özünün ifasında “Sel kimi” şeirindən videoçarx nümayiş etdirilib.
Muzeyin direktoru Nüşabə Babayeva-Vəkilova çıxış edərək Aysel Fikrətin mənsub olduğu ailənin layiqli davamçısı olduğunu (tanınmış şair Fikrət Sadığın qızı – red.) vurğulayıb, müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.
Digər çıxış edənlər kitab və müəllifin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
Sonda Aysel Fikrət təqdimatın keçirilməsinə şərait yaradan muzeyin əməkdaşlarına minnətdarlığını bildirib və tədbir iştirakçılarına “Kaktus çiçəyi” kitabını təqdim edib.