Qarabağ xanlığının yaradıcısı, Şuşa şəhərinin banisi Pənahəli xan Cavanşirin (1693-1763) başdaşı bərpa olunub. Bu barədə AMEA Milli Azərbaycan Tarix Muzeyindən məlumat verilib.

Muzeyin bərpa laboratoriyasında başdaşı üzərindəki yazı və naxışlar orijinal hallarına xələl yetirmədən müasir vasitə və üsullar istifadə edilərək təmizlənib, zədəli yerləri bərpa edilib. Başdaşının nümayişi üçün muzeyin daimi ekspozisiyasının 1-ci mərtəbəsində yer ayrılıb, burada Pənahəli xan Cavanşirin İmarət (Ağdam) qəbiristanlığındakı türbəsinin maketi hazırlanıb və başdaşı qoyulub.

Zalda başdaşının yazısının oxunması, türbənin tarixi ilə bağlı məlumatlar olan informasiya paneli, rəssam Əjdər Qafarovun “Pənahəli xan Cavanşir” adlı rəsm əsəri də yerləşdirilib.