Oktyabrın 20-də Azərbaycan Milli Kulinariya Mərkəzinin ofisində Beynəlxalq Kulinariya Günü qeyd edildi. Ölkəmizdə 4-cü dəfə keçirilən bayramda Azərbaycanın məşhur kulinarları, ictimaiyyət nümayəndələri, media mənsubları iştirak edirdi.
Tədbir çərçivəsində kulinariya incəsənəti nümunələri, milli kulinariya komandasının üzvlərinin işlərindən ibarət sərgi, eyni zamanda kulinariya incəsənəti və qida sərgisi təşkil edilmişdi.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının icraçı direktoru Nailə Mürsəlova bildirdi ki, belə bir günü keçirməkdə məqsəd kulinariya sənətinin tanıdılması və aşpazlığın nə qədər əhəmiyyətli bir peşə olduğunu ictimaiyyətə çatdırmaqdır: «Aşpazlar, kulinarlar, ictimai iaşə müəssisələrində çalışanlar bu günü peşə bayramı kimi qeyd edirlər”.
N.Mürsəlova əldə olunan uğurlardan da danışdı. Qeyd olundu ki, kulinarlarımız il ərzində ölkəmizi müxtəlif ölkələrdə keçirilən bir çox tədbirlərdə, festivallarda təmsil ediblər: «Mərkəzin üzvlərindən ibarət milli komanda dəfələrlə aşpazlıq yarışlarında qızıl, gümüş və bürünc medallar qazanıb. Bundan başqa, Milli Kulinariya Mərkəzi tərəfindən Azərbaycan mətbəx nümunələrinə aid kitabçalar, broşürlər nəşr edilib. Bu çap məhsulları xarici ölkələrdə keçirilən turizm sərgilərində nümayiş etdirilir. Hesab edirik ki, ölkəmizə turist cəlb etməyin yollarından biri də milli mətbəximizin lazımi səviyyədə tanıdılmasıdır».
Sərgidə Bakı Qida Sənayesi Kolleci tələbələrinin əl işləri də nümayiş etdirilirdi. Kollecin fənn birləşməsinin sədri Svetlana İsgəndərova bildirdi ki, artıq 4-cü dəfədir ki, kulinariya bayramında iştirak edirlər: «Kollecin tələbələrinin əl işləri yüksək qiymətləndirilir. Tələbələrdən bəzilərinə mərkəzin xüsusi diplomları verilib».
Tədbirdə iştirak edən Milli Kulinariya Assosiasiyasının əməkdaşı Namiq Kazımov əsasən Avropa mətbəxinə aid xörəklər hazırlayır. Dediyinə görə, dəfələrlə xarici ölkələrdə Azərbaycanı təmsil edib və fərqlənib.
Tədbirin sonunda il ərzində Azərbaycan Milli Kulinariya Mərkəzi ilə yaxından əməkdaşlıq edən təşkilatlar, televiziyalar və aşpazlar qurumun diplomları ilə təltif edildi.
Fəxriyyə Abdullayeva