Masallı RMİ-nin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Mədəniyyət kəndlərdə” mədəniyyət-yaradıcılıq layihəsinin daha bir tədbiri Masallı rayonunun Ərkivan qəsəbəsində təşkil edilib.

Əvvəlcə qəsəbədəki “Şəhidlər” abidə kompleksi ziyarət olunub.

Tədbiri giriş sözü ilə açan RMİ-nin rəisi Bəxtiyar Qılıncov iştirakçıları salamlayaraq layihənin məqsədlərindən danışıb.

Qəsəbə sakini Əyyar Tahirov Ərkivanın tarixi barədə söz açıb. Şəhidlər Anar Novruzovun qardaşı Sücəddin Novruzov, Famil Əlizadənin atası Habil Əlizadə belə tədbirlərin təqdirəlayiq olduğunu vurğulayaraq təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Çıxışlardan sonra Masallı rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələri tərəfindən qurulmuş sərgiyə və istedadlı gənclərin əl işlərinə baxış keçirilib. Mədəniyyət Mərkəzi incəsənət ustalarının ifasında konsert proqramı alqışlarla qarşılanıb.

Tədbirlərdə aktiv iştirak edən mədəniyyət işçiləri və məktəblilərə RMİ-nin təşəkkürnamələri təqdim olunub.