Mədəniyyət naziri Anar Kərimov iyunun 13-də Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Faisal bin Abdullah Al-Hanzab ilə görüşüb. Görüşdə Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov da iştirak edib.

Görüş zamanı ölkələrimiz arasındakı mədəni əlaqələrin möhkəmləndirilməsi və bu sahədə əməkdaşlığın vacibliyi vurğulanıb.

Anar Kərimov işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasında Qətər dövlətinin infrastruktur sahəsində təcrübəsindən faydalanmağın əhəmiyyətindən bəhs edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” təşəbbüsü çərçivəsində 2011-ci ildən ənənəvi keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna diqqət çəkib. Ölkəmizin 2021-ci ildə irəli sürdüyü “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasından söz açan nazir bildirib ki, kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. Anar Kərimov Qətəri də bu qlobal çağırışa qoşulmağa dəvət edib.

Görüşdən məmnunluğunu ifadə edən Abdullah Al-Hanzab ölkələrimiz arasında humanitar və mədəni əməkdaşlıq məsələlərinə toxunub. Diplomat nazir Anar Kərimovu ölkəsinə rəsmi səfərə dəvət edib.

Görüş tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam edib.