Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli qurtuluş. Zəfər yolu” adlı tədbir təşkil edilib.
Kitabxananın direktoru Aslan Cəfərov qonaqları salamlayaraq, müstəqil Azərbaycanın müqəddəratında dönüş nöqtəsi kimi səciyyələndirilən Qurtuluş Gününün ölkəmizin, dövlətimizin tarixində müstəsna əhəmiyyətindən danışıb.
Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Jalə Əliyeva ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışını xalqımızın xilası olduğunu, məhz onun sayəsində Azərbaycan Respublikasının dünya xəritəsindən silinmək təhlükəsindən qurtulduğunu qeyd edib. O, kitabxanalarda bu mövzulu tədbirlərin təşkilinin əhəmiyyətini qeyd edərək bildirib ki, şahidi olduğumuz tarixi gerçəklikləri yetişməkdə olan gənc nəslə təbliğ etməliyik.
Tədbirdə daha sonra çıxış edən AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, millət vəkili, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərov, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli, BDU-nun müəllimi Fəxriyyə İsayeva, politoloq Elşad Həsənov ulu öndər Heydər Əliyevin dahi siyasətçiyə, əsl liderə malik xüsusiyyətlərindən, mədəniyyətə, ədəbi irsə, elmə diqqət və qayğısından bəhs ediblər.