Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi

 

İyunun 16-da Bakıda Vokalçıların Bülbül adına VIII Beynəlxalq müsabiqəsi başlayıb. Müsabiqədə Azərbaycan, Rusiya, İsrail, Türkiyə, Monqolustan, Özbəkistan, Ukrayna, Meksika, Qazaxıstan və digər ölkələrdən 100-ə yaxın ifaçı iştirak edir.

Bu il müsabiqə görkəmli müğənni, SSRİ Xalq artisti Bülbülün (1897-1961) anadan olmasının 125 illiyinə həsr olunub.

Sənətkarın Bakıdakı abidəsi önündə təşkil olunan açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Polad Bülbüloğlu diqqətə çatdırıb ki, Bülbül adına birinci beynəlxalq müsabiqə görkəmli müğənninin 100 illiyi ərəfəsində, 1997-ci ildə mədəniyyətimizin böyük təəssübkeşi, xalqımızın ümummilli lideri Heydər Əliyevin müvafiq sərəncamı ilə keçirilib və o vaxtdan ənənə halını alıb: “Budəfəki müsabiqədə iştirak üçün dünyanın müxtəlif ölkələrindən iştirakçılar gəlib. Tanınmış professor və ifaçılar müsabiqənin münsifində yer alırlar. Çox şadam ki, yekun konsert Bülbülün doğum günündə, 22 iyun tarixində keçiriləcək və iştirakçılara Şuşada diplomlar təqdim olunacaq. 30 illik həsrətdən sonra biz hər dəfə Şuşaya gedəndə sanki torpaqdan güc alaraq gəncləşirik. Məmnunam ki, xaricdən gələn münsifləri də Şuşa ilə tanış edəcəyik. Müsabiqənin reallaşmasında dəstək olan Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Akademik Filarmoniyasına dərin təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, 16-23 iyun tarixində keçirilən müsabiqədə 18-35 yaş arası ifaçılar iştirak edirlər. Müsabiqənin birinci turunda opera, kantata və ya oratoriyadan ariya, ikinci turunda isə operadan ariya və Bülbülün repertuarından Azərbaycan bəstəkarlarının əsərlərinin ifası nəzərdə tutulur.

Lalə