“Torpaq” sənədli filmi təqdim olundu

 

1988-1991-ci illərdə Qərbi Azərbaycandan – indiki Ermənistan ərazisindən soydaşlarımızın deportasiya olunmasından bəhs edən “Torpaq” adlı sənədli film çəkilib.

İyunun 14-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi, Qərbi Azərbaycan İcmasının dəstəyi ilə “Salnaməfilm” studiyasında istehsal olunan filmin təqdimatı keçirildi.

Ekran işinin ssenari müəllifi və rejissoru Əməkdar incəsənət xadimi Ayaz Salayev, məsləhətçisi Milli Məclisin deputatı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərovdur.

Tədbirdə çıxış edən millət vəkili Əziz Ələkbərov filmin əhatə etdiyi mövzunun tarixi əhəmiyyətindən söz açdı. Bildirdi ki, filmin təqdimatının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü ərəfəsində keçirilməsi təsadüfi deyil. Çünki Heydər Əliyev xalqımızın deportasiya və soyqırımlarına məruz qalmasına ilk dəfə dəqiq tarixi-siyasi qiymət verib.

Millət vəkili dedi ki, Qərbi Azərbaycandan deportasiya olunmuş qaçqın soydaşlarımız haqqında birsaatlıq ekran əsəri hadisələrin canlı şahidlərinin müsahibələri əsasında ekranlaşdırılmış film-salnamədir: “Torpaq” filmi bizim tarixi torpaqlarımızı heç vaxt unutmadığımızın növbəti sübutudur. Düşmən də bilməlidir ki, Zəngəzur, Göyçə, İrəvan və digər mahallarımız tarixi Azərbaycan torpaqlarıdır”.

Rejissor Ayaz Salayev filmin ideyasının hələ Vətən müharibəsindən əvvəl yarandığını dedi. Bildirdi ki, soydaşlarımızın erməni daşnakları tərəfindən öz tarixi dədə-baba torpaqları olan Qərbi Azərbaycandan – indiki Ermənistandan deportasiyasından bəhs edən ekran əsərinə baxanda tariximizin o dövrünün ziddiyyətlər dolu acı mənzərəsinin şahidinə çevrilir, mənfur düşmənin bağışlanmaz bəd əməllərinə bir daha nifrət edirsən: “Bu film insanların qəlbinə, ruhuna toxunan bir tarixin lentə köçürülmüş halıdır. Əslində, Qarabağ məsələsinin birinci qolu 2020-ci ildəki şanlı Zəfərimizlə həll yoluna qədəm qoydu. Problemin ikinci qolu isə Qərbi Azərbaycanla bağlıdır. Prezident İlham Əliyev də daim çıxışlarında Zəngəzurun bizim dədə-baba torpaqlarımız olduğunu dilə gətirir”.

Çıxışlardan sonra “Torpaq” filmi nümayiş olundu.

70-dən çox şahidin dilindən hadisələrə münasibət ortaya qoyulan filmdə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəngəzur, Göyçə və İrəvanın tarixi Azərbaycan torpaqları olması və bizim mütləq o torpaqlara qayıdacağımızla bağlı çıxışlarından parçaların yer aldığı kadrlar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Ekran əsərinin operatoru Rəşad Nuriyev, musiqi müəllifi Azər Əsgərov, montaj rejissoru Sabir Əsgərzadə, prodüseri Nazim Hüseynovdur.

L.Azəri