Avropa Yayım Birliyi bu qənaətdədir
Ölkədəki mövcud vəziyyət səbəbindən Ukraynanın “Avroviziya-2023” mahnı müsabiqəsini təşkil etməsi mümkün olmayacaq. Bu barədə Avropa Yayım Birliyi (EBU) bəyanat yayıb.
“Ukrayna təmsilçisinin “Avroviziya”da qələbəsindən sonra EBU Ukrayna İctimai Televiziya şirkətinin müsabiqənin gələn il keçirilməsi variantlarını öyrənib. Obyektiv təhlildən sonra referent qrupu təəssüf hissi ilə belə qərara gəlib ki, mövcud vəziyyət, təhlükəsizlik zəmanəti nəzərə alınaraq, yayımçı müsabiqənin qaydalara uyğun təşkili və keçirilməsi üçün zəruri olan şərtləri yerinə yetirə bilməyəcək”, - deyə müsabiqənin saytında dərc olunmuş bəyanatda bildirilir.
Xatırladaq ki bu ilin mayında keçirilmiş mahnı müsabiqəsində Ukraynanın “Kalush Orchestra” qrupu qalib gəlib. İkinci yeri 466 bal toplayan Böyük Britaniya təmsilçisi Sem Rayder tutub.
Hazırda müsabiqənin Britaniyada keçirilməsi məsələsinə baxılır. EBU bununla bağlı BBC ilə danışıqlara başlayır.
Rəsmi Kiyev isə bu qərarla razılaşmadığını bildirib və EBU-nu əlavə danışıqlara çağırıb.
Bu arada Kiyevə səfər edən Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın gələn il “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi etməyə layiq olduğunu və Rusiya ilə davam edən müharibəyə baxmayaraq, bunu bacaracağına ümid etdiyini bildirib.
“Ukrayna Avroviziya mahnı müsabiqəsinin qalibi olub. Müsabiqədə ölkəmiz çox yaxşı təmsil olunub və ikinci yeri tutub. Ancaq fakt odur ki, onlar qalib gəldilər və buna layiqdirlər. Mən inanıram ki, onlar “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi edə bilərlər. Hələ bir il var. Ona qədər Ukraynada sülhün bərqərar olacağına inanıram”, - deyə o qeyd edib.
V.Kamal