BMA-nın yubileyinə həsr olunan beynəlxalq festival-müsabiqə başa çatır

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) bu təhsil ocağının nəzdində Orta ixtisas musiqi məktəb-studiyasının 40 illiyinə həsr olunmuş “Musiqiçilərin pedaqoji ustalığı” birinci beynəlxalq festival-müsabiqənin  (videoyazılar əsasında) dinləmələri yekunlaşıb.

Məktəb-studiyadan verilən məlumata görə, Təhsil və Mədəniyyət nazirliklərinin təşkilati dəstəyi ilə keçirilən festival-müsabiqədə Qazaxıstan, Türkiyə, Ukrayna, İsrail, Rusiya, ABŞ və digər ölkələrdən də nümayəndələr təmsil olunur. Festival-müsabiqənin nəticələri yaxın günlərdə elan ediləcək.

Layihənin məqsədi müxtəlif ölkələrin istedadlı musiqiçiləri arasında əlaqələrin yaxınlaşması və genişləndirilməsi, ibtidai, orta və ali təhsil müəssisələrində bütün fənlər üzrə ümumi və peşəkar musiqi təhsilinin həm yerli, həm də xarici müəllimlərin qabaqcıl təcrübələrinin qarşılıqlı mübadiləsindən ibarətdir.

Təşkilat komitəsi və münsiflər heyətinin rəhbəri BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, festival-müsabiqə layihəsinin müəllifi akademiyanın nəzdində Orta ixtisas musiqi məktəb-studiyasının direktoru, Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovdur.

Qaliblər beynəlxalq münsiflər tərəfindən müəyyən olunur.

Lalə