Fikrət Əmirovun baleti doğma şəhərdə nümayiş etdirilib

 

Fikrət Əmirovun anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 mart tarixli sərəncamın icrası ilə bağlı tədbirlər planı çərçivəsində bəstəkarın “Min bir gecə” baleti Gəncədə nümayiş olunub.

Bəstəkarın ən məşhur əsərinin doğulduğu şəhərdə nümayişi Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyi ilə reallaşıb.

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təqdim olunan səhnə əsərinə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Milli Məclisin deputatı Müşfiq Cəfərov, Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, mədəniyyət işçiləri, şəhər ziyalıları və sakinlər tamaşa ediblər.

Fikrət Əmirov yaradıcılığında xüsusi yer tutan və ona dünya şöhrəti qazandıran, gözəl musiqiyə malik “Min bir gecə” baletini eyniadlı ərəb nağıllarının motivləri əsasında yazıb. Balet melodiya rəngarəngliyi, xoreoqrafik quruluşu və səhnə tərtibatına görə hər zaman tamaşaçılarda böyük maraq oyadıb və Gəncədə də anşlaqa səbəb olub.

Qeyd edək ki, premyerası 1979-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutan baletin  libretto müəllifləri mərhum Maqsud və Rüstəm İbrahimbəyovlar, xoreoqrafi Nailə Nəzirova, quruluşçu rəssamı Toğrul Nərimanbəyov, geyim üzrə rəssamı Tahir Tahirovdur. Keçmiş SSRİ-nin bir sıra şəhərlərində, o cümlədən Moskvada, Sankt-Peterbuqrda səhnələşdirilən “Min bir gecə” baleti 1982-ci ildə Mərakeşdə və Bolqarıstanda, 1985-ci ildə Türkiyədə tamaşaya qoyulmuşdu.

Hazırda Akademik Opera və Balet Teatrının repertuarında olan tamaşanın truppa  rəhbəri Xalq artisti Kamilla Hüseynova, tamaşanı idarə edən Əməkdar artist Yuri Lobaçevdir.

Əsas partiyaları Akademik Opera və Balet Teatrının solistləri – Əməkdar artistlər Anar Mikayılov (Şəhriyar), Nigar İbrahimova (Şəhrizad) və Cəmilə Kərimova (Nuridə) ifa ediblər. Digər rollarda balet truppasının aparıcı solistləri Seymur Qədiyev (Nuridənin sevimli qulu), Ayan Eyvazova (Gözəl Budur), Timur Oduşev (Ələddin), İslam Məmmədov (Quldurbaşı), Dinara Şirinova (Qız), Liana Mirabdullayeva (Mərcanə), İntiqam Məmmədov (Ruh quşu) və başqaları oynayıblar.