Azərbaycanın mədəniyyət naziri Anar Kərimov İrana səfəri çərçivəsində iyunun 21-də bu ölkənin milli irs, əl işləri sənayesi və turizm naziri İzətullah Zərqami ilə görüşüb.

Görüşdə Anar Kərimov mədəni əlaqələrin inkişafının əhəmiyyətini vurğulayaraq bildirib ki, İranla Azərbaycan UNESCO çərçivəsində əməkdaşlıq edərək qeyri-maddi mədəni irs nümunələrini təşkilatın siyahısına daxil edib. Bu sıraya nazik çörək – lavaşın hazırlanması və paylaşılması ənənəsi,  kamança sənəti, Novruz bayramı kimi nümunələr aiddir.

Nazir vurğulayıb ki, İran və Azərbaycan qədim sivilizasiyaya malik olan ölkələrdir və bu, hər iki dövlətin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi zərurətini yaradıb. Azərbaycanın UNESCO-nun Dünya irsi siyahısında yer alan İçərişəhər, Qobustan, Şəki kimi qədim tarixi məkanları var. Bunlar beynəlxalq aləmdə maraq doğurur və turizmin inkişafı üçün də imkanlar yaradır. Turizm xalqları birləşdirən və bir-birini yaxından tanımaq üçün zəmin yaradan bir sahədir. Turizm əlaqələri həm maddi gəlir, həm də yaxınlaşmaq üçün daha münasib sahədir.

Qarabağ haqqında məlumat verən Azərbaycanın mədəniyyət naziri vurğulayıb ki, otuz ilə yaxın ermənilərin işğalı altında qalan ərazilərdə milli irsimizə qarşı vandallıq siyasəti həyata keçirilib. Ermənistan işğal etdiyi rayonlarda məscidlərlə yanaşı, qəbiristanlıqları, muzeyləri, tarixi və dini abidələri məhv ediblər. Azərbaycan Prezidentinin rəhbərliyi ilə azad olunan torpaqlarda geniş quruculuq və bərpa işləri aparılır. Milli irsimizə dəyən zərər aradan qaldırılır. Bu işdə İranın böyük təcrübəsi var və biz bu təcrübədən yararlanmaq istərdik. İşğaldan azad olunan Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtıdır. İşğal illərində burada 17 məscid dağıdılıb. Bu gün bu məscidlərin bərpası prosesi davam edir. Bərpa işlərində məqsədimiz dini və tarixi abidələri yenidən qurub insanların xidmətinə vermək və milli irsimizi qorumaqdan ibarətdir.

Qeyd olunub ki, XI əsrdə inşa olunan Xudafərin körpüsü Azərbaycanın qeyri-maddi irsinə aid olan tarixi abidədir və qədim İpək yolunun əsasını təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyev bu körpünü Azərbaycanla İran arasında dostluq və qardaşlıq körpüsü adlandırıb. İranla əməkdaşlıq sahəsində bu körpünün UNESCO-nun siyahısına salınması istiqamətində iş aparılır.

Nazir Anar Kərimov qonaqpərvərliyə görə təşəkkür edərək həmkarını Azərbaycana səfərə dəvət edib.

İranın milli irs, əl işləri sənayesi və turizm naziri İzətullah Zərqami 2012-ci ildə Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev ilə görüşünü xatırladıb. Rəhbərlik etdiyi qurum barəsində məlumat verən nazir ermənilər tərəfindən məscidlərin dağıdılmasını pislədiyini və onların bərpasında Azərbaycana yaxından kömək etməyə hazır olduqlarını nəzərə çatdırıb.

Qeyd olunub ki, İran və Azərbaycan xalqları eyni tarixə, milli adət-ənənələrə və dini dəyərlərə malikdir. Bu amillər iki xalqın daha yaxın olmasını şərtləndirir. Bəzi qüvvələr bizim ortaq dəyələrimizdən istifadə edib xalqlarımız arasında nifaq salmağa çalışırlar. Lakin bu dəyərlər bizi daha da yaxınlaşdırmalıdır.