Azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə ən böyük maneə minalardır

 

Keçmiş təmas xətti 200 km uzunluğunda və 5 km enində ərazini əhatə edib. Bu ərazi həm piyada əleyhinə, həm tank əleyhinə minalarla, həm də partlamamış sursatlarla həddindən artıq çirklənmiş vəziyyətdədir. Ərazi relyefi, çoxlu vallar və hərbi istehkam yerləri minatəmizləyən maşınlardan istifadəni çox çətinləşdirir. Bizim minatəmizləyənlər, həqiqətən, çox böyük fədakarlıq göstərirlər.

Bu sözləri APA-ya müsahibəsində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, mövcud çətinliklərə rəğmən infrastruktur layihələri və digər işlər davam edir. O cümlədən işğaldan azad olunmuş, demək olar ki, bütün rayonlarda “Azərenerji” və “Azərişıq” tərəfindən yarımstansiyalar quraşdırılıb.

Emin Hüseynov bildirib ki, beynəlxalq ictimaiyyətin təzyiqi altında Ermənistan bizə bəzi rayonların mina xəritələrini verib. Amma bu xəritələrin praktiki əhəmiyyəti çox aşağıdır, dəqiqliyi 25% ətrafındadır. Xəritələrin ümumi əhatə dairəsi işğaldan azad olunmuş ərazilərin cəmi 5%-ni əhatə edir: “Çox təəssüflər olsun ki, mövcud reallıq budur və bu reallıqda fəaliyyət göstəririk. Ən çox minatəmizləmə işi görülmüş ərazi Ağdam rayonudur. Bu ərazinin 16%-i minalardan təmizlənib. Füzuli rayonu üzrə bu göstərici 10-11% ətrafındadır. Digər rayonlarda bu rəqəm daha aşağıdır. Bu, onu göstərir ki, hələ bu istiqamətdə görüləsi işlər çoxdur...”.

Bu arada Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatı vaxtı havadan tədqiqat üçün Britaniyanın “Arpies NRC” şirkəti ilə müqavilə imzalayıb. ANAMA sədri Vüqar Süleymanov bildirib ki, tədqiqatçılar hazırda dronlarla və müxtəlif cihazlarla əraziləri tədqiq edir. Tədqiqatların nəticəsi süni intellekt vasitəsilə emal olunur.

Sədr blidirib ki, 18 ədəd minatəmizləyən maşın alınıb və azad olunmuş ərazilərdə təmizləmə işlərinə cəlb edilib.