“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu Ağstafa rayonunun mərkəzindən 75 kilometr məsafədə, Böyük-Kəsik kəndindən 28 kilometr aralıda yerləşir. Qoruq Gürcüstanla sərhəd boyunca 25 kilometrədək uzanır. Mağaralar kompleksi ucsuz-bucaqsız Ceyrançölündə, Qatardağ silsiləsində, Candar gölündən 15 km şimali-şərq istiqamətində, dəniz səviyyəsindən 750-950 metr hündürlükdə dağların cənub və cənubi-şərq tərəfindəki sıldırım qayalıqlarda yerləşir. Qoruğun ərazisində 70-dək mağara, ilkin orta əsrlərə aid bir qala, bir məbəd və bir inanc yeri var.
   
   Mağaralar kompleksinin ətrafında ilk insanların yaşayışı daş dövrünə aid edilir. Keşikçidağın yerləşdiyi silsilənin ətrafında aşkarlanan yaşayış mədəniyyəti izləri isə eramızdan əvvəl 3-4 min il əvvələ aiddir. Mağaralar kompleksindən 3 km cənubda yaşı son tunc-erkən dəmir dövrünə, eramızdan əvvəl II minilliyin əvvəllərinə aid 300-ə yaxın kurqan aşkarlanmışdır.
   Yerli əhali bütpərəstlər - aya, günəşə tapınanlar dini baxışlarını hifz etmək, hücumlardan qorunmaq üçün bu dağlara çəkilib həyat sürmüşlər. Daha sonra atəşpərəstlər dini etiqadlarını davam etdirməkdən ötrü tərki-dünya olub, qayalarda çapıb düzəltdikləri mağara-sığınacaqlarda yaşamışlar. Buradakı təbii mağaraların 2 min il yaşı var. Bu ərazilərdə yerləşən süni mağaraların yaranması isə VIII-XV əsrlərə təsadüf edir. Onların əksəriyyəti sıldırım qumsal qayaları yarıb çapma və yaxud yonma üsulu ilə yaradılıb. Bu yerlərin təbii şəraiti asketik həyat tərzi üçün yararlı olduğundan eramızın ilk əsrlərində Yaxın Şərqdən Qafqaz Albaniyasına gəlmiş rahiblər bu mağaralarda məskunlaşmışlar. Qafqaz Albaniyasında IV əsrdə xristianlıq rəsmi dövlət dini kimi qəbul olunduqdan sonra digər bölgələrdə olduğu kimi, burada da həyat canlanıb, arxitektura məziyyətləri ilə diqqəti cəlb edən dini məbədlərin inşasına təkan verilib.
   Yerli əhali yaşayış və dini ayinlərin keçirilməsi üçün məhz həmin mağaraları seçib, onları genişləndirib, qayalarda yenilərini çapıblar. Qayaların tərkibini daşlaşmış qumsal süxurlar təşkil edir. Mağaraların möhkəmliyini artırmaq məqsədilə tikilinin tavanı hisə verilir, daşlaşan süxurlar çapılırdı. Mağaraların bəzisi kvadrat formalıdır. Tavanları isə günbəzşəkillidir. Kiçik ölçüləri ilə fərqlənən yaşayış üçün oyulmuş çox da hündür olmayan mağaralar bir və bir neçə otaqdan ibarət olub, bir nəfərlik yatağa və ibadətgaha malikdir. Hər mağaranın girişi və mazğal tipli pəncərələri var. Hücrələrin bəziləri ümumi çıxışla təchiz olunub. Bir-birinin üzərində oyulmuş ayrı-ayrı hücrələrin iç-içə əlaqəsi var. Ceyrançölün füsunkar mənzərəsinin seyrini mümkün edən oyuqlardakı yataq, taxçalar və ocaq yeri vaxtı ilə burada yaşayan zahidlərin məişətindən, onların həyat tərzindən xəbər verir. Mağaralar qismən dağılsa da, min ildən çoxdur, yaşayır və bizdən sonra neçə nəsil bunları görəcək.
   Dəniz səviyyəsindən 850 metr hündürlükdə dağın zirvəsində nəzarət və müdafiə məqsədilə tikilən üçmərtəbəli Keşikçiqalanın hündürlüyü 11 metr, sahəsi 26,25 kv m (5 x 5,25), divarların qalınlığı bir metrə bərabərdir. Qalanın bütün mərtəbələrində dörd tərəfə baxan müşahidə gözlükləri onun müdafiə məqsədilə tikildiyini təsdiqləyir. Qafqaz Albaniyasında eyni məqsədlə tikilmiş qalaların mərtəbələrarası tağ forması Keşikçiqalada da mövcuddur. Kərpicdən və yerli daşdan inşa edilmiş tağlar memarlıqda praktik əhəmiyyət daşıyan möhkəmliyi təmin edirdi.
   Sərt iqlim şəraiti, hökm sürən quraqlıq səbəbindən yağış suyundan qənaətcil istifadə zərurətini hiss edən rahiblər qayalarda su quyuları üçün oyuqlar çapıblarmış. Yağış suyunu ötürücü novlar vasitəsilə öncə durulduculara yığan insanlar daha sonra onu daim sərin saxlaya bilən dərin quyulara yığırlarmış. Ərazidə yaşayan sakinlərin həqiqətən suya möhtac olmaları antik dövr tarixçiləri tərəfindən də təsdiqlənir. Plutarx yazır ki, e.ə. 65-ci ildə Roma sərkərdəsi Pompey Qafqaz Albaniyasında albanların üsyan qaldırmaları xəbərindən bərk qəzəblənir və qiyamı yatırmaq üçün qoşunlarını buraya göndərir. Kür çayını adlayıb ucsuz-bucaqsız susuz çöl üzərindən keçərək uzun məsafəni qət etməyə - Kambisenanı ram etməyə hazırlaşır və bu məqsədlə 10 min su tuluğu tədarük etmək əmrini verir.
   VII-VIII əsrlərdə Qafqaz Albaniyasında İslam dininin yayılması ilə əlaqədar albanlar dinlərini və özlərini qorumaq üçün sıldırım qayalıqlarda yerləşən bu dağlara sığınmışdır.
   Mağaralar kompleksində keçilməz qayalar üzərində qala tipli tikilinin inşası ərazinin zaman-zaman basqınlara məruz qalması ilə izah olunur. XI əsrdə Səlcuqlar buraları viran edib, XIII əsrdə monqollar dağıntılara məruz qoyub. Teymurləng də bu ərazilərə basqın edib. Amma məbədlərə ən ağır zərbəni I Şah Abbas vurub və 1615-ci ildə dinlərindən dönməkdən imtina etmiş 5 min alban rahibi qətlə yetirib.
   Keşikçiqaladan şimal-şərqə doğru coğrafi ərazinin ən hündür yüksəkliyində, dəniz səviyyəsindən 950 m hündürlükdə üzü cənub istiqamətinə baxan və yerli daş materiallardan inşa olunan iki məbəd yerləşir. Bir-birindən 1500 m aralıda yüksələn bu tikililər Qafqaz Albaniyası dövrünün xristian məbədləridir. Hər iki məbədin ön və yan hissələrdən qoyulmuş mazğal formalı pəncərələri tikilinin interyerini qismən işıqlandırır. Bu məbədlər tikilmə və memarlıq üslubuna görə Qafqaz Albaniyası dövründə inşa edilmiş digər məbədlərlə eynilik təşkil edir. Məbədlərin inşa edildiyi, Keşikçiqalanın ucaldığı sıldırım qayalarda da mağara tipli hücrələr, dini ayinlərin keçirildiyi ibadətgahlar, su quyuları və ərzaq anbarları az deyil.
   XVIII-XIX əsrlərin sonu mağara-məbədlərə maraq bir qədər azalır, onlar xarabalığa çevrilməyə başlayır. Bu onunla əlaqədar olmuşdur ki, 1836-cı ildə Qafqaz Albaniyasında mövcud olan Alban katolikosluğu məqsədli olaraq Rusiya çarlığı tərəfindən ləğv edilərək erməni Qriqorian kilsəsinin tabeliyinə verilmişdir. Mağaraların əksəriyyətində xristianlıq mövzusu ilə bağlı çoxlu sayda freska işlənilib. Maraqlısı budur ki, bu freskalar sistemli şəkildə deyil, pərakəndə haldadır. Diqqəti cəlb edən freskaların əksəriyyəti dini ayinlərin keçirildiyi, memarlıq üslubuna, forma və quruluşuna görə Azərbaycan ərazisində yerləşən alban məbədləri ilə eynilik təşkil edən mağara-məbədlərin divarlarını bəzəyir. Qonşu Gədəbəy və Şəmkirdə, Şəki-Qax zonasında da bu tipli məbədlər az deyil.
   “Keşikçidağ” mağaralar kompleksində yerləşən Qüdrət bulağı yerli əhalinin qədim tarixə malik olan mənşəyini, mədəniyyətini, dini-etik xüsusiyyətlərini özündə əks etdirir. Həmin ərazidə lap qədimdən bu günə qədər yerli əhali təbiət hadisələrinə - müxtəlif dağlara, ağaclara, suya, oda və s. müqəddəsləşdirilmiş yerlərə inam göstərmişlər. Qüdrət bulağı da hələ qədim vaxtlardan insanların ziyarətgah, inanc yeri kimi qəbul edilmişdir. Buranı müqəddəs yer hesab edən, həmin yerə inanıb, niyyət tutub gələn və niyyəti hasil olan insanlar bulağa bu adı (Qüdrət) vermişlər.
   Bununla yanaşı, ərazidə bitən əncir və dağdağan ağacları insanlar tərəfindən müqəddəs ağac kimi qəbul edilmişdir. Yerli əhali arasında həmin bulağa və ağaclara qədim dövrlərdən mövcud olmuş inam indiki dövrdə də qorunub saxlanılmışdır. Bu günümüzdə həmin bulaq üstündə qurbanlar kəsilir və bura etiqad edirlər.
   Freskaların çəkildiyi mağara divarlarının dağıntıları nə təbiətin, nə də zamanın müdaxiləsi nəticəsində baş verib. Sovetlər dönəmində, daha dəqiq desək 1948-ci ildən başlayaraq 90-cı ilədək mağaraların çapıldığı qayaların yaxınlığında hərbi poliqon yerləşib. Uzun illər burada artilleriya təlimləri keçirilib. Zaman-zaman buralar baxımsız, yiyəsiz qalıb. Hərbi obyektdə nəinki elmi araşdırmalar aparmaq, adi gəzintiyə çıxmaq da yasaq idi.
   Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra hər şey dəyişdi. Prezident İlham Əliyev 2005-ci il oktyabr ayının 12-də Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin mühafizəsi ilə şəxsən tanış olarkən bu əraziyə baş çəkmişdi. Dövlət başçısının 19 dekabr 2007-ci ildə 2563 saylı sərəncamı ilə mağaralar kompleksindəki zəngin tarixi-etnoqrafik, mədəniyyət abidələrinin daha da dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazi “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edildi. Həmin vaxtdan qoruğun ərazisindəki strateji cəhətdən ən hündür yüksəkliklərin biri ölkə prezidentinin şərəfinə “İlham Əliyev zirvəsi” adlandırılmışdır.
   Keşikçidağ qoruq elan edildikdən sonra bu qədim yurdun daş kitabəsi ilə, əcdadlarımızın bizə miras qoyduğu abidələrlə maraqlanan insanlar üçün tariximizə açılan yolun təməli qoyuldu.
   
   Musa Mursaquliyev,
   “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru