20 yaşlı Fuad Əsədovun şəhadətinin 30 illiyinə
Fuad Qərib oğlu Əsədov (25.11.1972 – 28.6.1992). Birinci Qarabağ müharibəsi şəhidi, tələbə-memar, rəssam, şair...
Onun haqqında 15 il əvvəl – xatirəsinə həsr olunan “Fuad dünyası” kitabının işıq üzü görməsi münasibətilə yazmışdım. Həmin yazını çox çətinliklə qələmə almışdım. Təkcə ona görə yox ki, kitabın üz qabığından baxan gənc mənim uşaqlıq dostum idi və illər ötsə də, onun barəsində keçmiş zamanda yazmaq ağır gəlirdi. Həm də ona görə ki, kitabda onun şeirlərini, publisistik qeydlərini, gündəliyini oxuduqca o vaxtadək istiqanlı bir dost, sadiq yoldaş kimi yadımda qalmış Fuadın, əslində, yaşından xeyli böyük, mütəfəkkir bir gənc olduğunun fərqinə varmışdım. Amma çox gec...
Bu, istedadlı, yaradıcı, amma ondan daha ötəsi, vətənpərvər, doğma torpağını canından artıq istəyən bir gəncin həyat kitabı idi. Nə böyük təəssüf ki, biz çox vaxt bu gerçəyi belə insanlar həyatdan, aramızdan gedəndən sonra dərk edirik. Fuadla bir kənddə, bir məhəllədə yaşayan, bir məktəbdə oxuyan, bir yerdə deyib-gülən, top qovan bizlər də təsəvvür edə bilmirdik ki, zahirən bizdən seçilməyən bu yeniyetmə gün gələcək, özünün mənəvi dünyası, həyat təpəri, mübariz enerjisi və sonda ucaldığı şəhidlik zirvəsi ilə nəsillərə örnək qəhrəman olacaq...
O, 1972-ci il noyabrın 25-də Cəbrayıl rayonunun Quycaq kəndində anadan olmuş, 8-ci sinfədək kənd məktəbində oxumuş, sonra orta təhsilini rayon mərkəzində davam etdirmişdi. 1989-cu ildə İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsinə daxil olmuşdu. Qarşıda beş il ali təhsil, sonra peşəkar memar kimi yeni bir həyatı olacaqdı... “Hərə bir arzu ilə yaşayır. Nə qədər ki, tale səni öz ixtiyarına buraxıb, gələcəyini özün qur. Gəncliyin bütün enerjisini bu yolda sərf etmək lazımdır”, – gündəliyində bu sözləri yazarkən o da gələcək həyatını düşünürdü…
1992-ci ilin fevralı, Xocalıda yaşanan qətliam onun həyatını, mübariz gənclik enerjisinin istiqamətini də büsbütün dəyişdi. Bundan sonra ali məktəb partası arxasında əyləşib rəsmlər çəkmək ona artıq ağır gəlirdi. Cəbhəyə getmək üçün paytaxtda hərbi komissarlığa ərizə verir, lakin rədd cavabı alır. Sonra doğma rayonuna gedir və Cəbrayıl ərazi müdafiə batalyonuna könüllü yazılmaq üçün müraciət edir. Burada da ona ali təhsilini davam etdirməyi məsləhət görürlər. Amma o, inadından dönmür. Uzun isrardan sonra, 1992-ci ilin 28 martında özünümüdafiə batalyonuna qəbul olunur.
Fuadın döyüş yolu cəmisi üç ay sürür. Ancaq bu müddətdə o, hər dəfə posta gedəndə komandirdən ən təhlükəli nöqtəyə göndərilməsini xahiş edir. O, ölümü gözə alaraq bu yolu seçmişdi. 1992-ci il mayın 8-də Şuşa işğal olunanda oraya, cəbhənin ən qaynar bölgəsinə can atır:
Qaçaram Şuşaya payi-piyada,
Bilsəm ki, vaxtında çataram dada.
Çata bilməsəm də, rahat ölərəm,
Deyərlər, şəhiddir Fuad Şuşada…
Ona Şuşada şəhid olmaq qismət olmadı. Şəhidlik zirvəsinə 1992-ci il iyunun 28-də Cəbrayılda yüksəldi...
Beş ay sonra 20 yaşı tamam olacaqdı. Ondan ilyarım sonra ali məktəbi bitirəcəkdi. Gənc memar kimi qurub-yaradacaq, şair qələmi ilə bədii əsərlər yazacaqdı...
Fuad həyatdan nakam, doğma yurdu, el-obası sarıdan narahat getdi. Şəhadətindən təxminən bir il sonra (avqust 1993) Cəbrayıl şəhəri, sonra (oktyabr 1993) doğma Quycaq kəndi işğal olundu.
Bu illər ərzində, Birinci Qarabağ müharibəsinin minlərlə şəhidi kimi, Fuadın da ruhu doğma yurdun səmasında narahat, sərgərdan idi...
Nəhayət, gün gəldi, zaman yetişdi. Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən savaşında qazandığı tarixi qalibiyyətlə bu torpaq uğrunda canını verən cəmi şəhidlərin qisası alındı. Bu gün onların ruhları artıq doğma yurdun azad səmasında rahat və asudədir.
Fuadın anası Solmaz müəllimənin dediyi kimi, Birinci Qarabağ müharibəsi şəhidlərinin yolunu İkinci Qarabağ müharibəsində davam etdirən oğullar illər öncə torpağa düşmüş igidlik, rəşadət toxumlarını cücərdərək Zəfər tağına çevirdilər.
Fuad Əsədov Quycaq kəndinin Birinci Qarabağ müharibəsində dörd şəhidindən ilki, kəndin ən gənc şəhidi idi. Şəhadətindən sonra kənd məktəbinə onun adı verilmiş, önündə büstü qoyulmuşdu. İşğaldan sonra Bakıda, Xəzər rayonunun Şüvəlan qəsəbəsində fəaliyyətini davam etdirən Fuad Əsədov adına məktəb də indi doğma yurda qayıdışı gözləyir. Azad edilmiş torpaqlarda yenidən qurulacaq kənd və qəsəbələrimiz tezliklə yeni növrağına qovuşacaq. Şəhidlərimizin adı bu yerlərdə yeni küçə və meydanlara veriləcək, təhsil, mədəniyyət ocaqlarında əbədiləşəcək, xatirəsi tarixdə əbədi yaşayacaq.
Fuad Əsədovun adını, xatirəsini yaşadacaq bir də poetik dünyası, şeirləri var. Onlardan birini doğma kəndinə həsr edib. Əli adlı tələbə dostu ilə müharibənin, qan-qadanın hələ başlamadığı, firavan bir zamanda Bakıdan kəndə gələn Fuad uşaqlıq, yeniyetməlik illəri keçən doğma yurdunu, onun insanlarını, torpağını, suyunu şirin bir dildə poetik lövhələrlə tərənnüm edir.
Gəlmişik Quycağa, əzizim Əli,
Valeh olacaqsan kəndi görəli.
Qonum-qonşulara bir salam deyək,
Nənəm göy qutabı bişirsin – yeyək.
İsmayıl dayıdan hal-əhval tutaq,
Odundan həyətdə bir tonqal çataq...
Gələr görüşməyə Mükafat müəllim,
Nə etsək çay içməz, adəti deyil.
Yığışar dost-tanış, eşidən-bilən,
Heç zaman darıxmaz bu kəndə gələn...
Bu şeirin bir neçə bəndini oxuyan həmkarım Fariz Yunisli “Quycaqnamə”dir” dedi... Doğru təsbit idi. Vətənpərvər gəncin arzularının baş alıb getdiyi, qayğısız bir zamanda qəlbindən qələminə süzülən bu misralar, sadəcə, doğma kəndin, el-obanın tərənnümü deyil, gələcək nəsillərə poetik ismarışı, naməsidir. Belə bir kənd vardı...
Bu Quzey kəhrizdir, bu onun gölü,
Suyu canlandırar çəməni, çölü.
Onların yanında “Talıbın bağı”,
Qoruqçu yanında qurub çardağı.
Bu, kəndin girişi, bura Baş kəhriz,
Suyu can dərmanı, saxlama pəhriz.
Bu Sofu kəhrizi, bu qoşa çinar,
Başına tərlanlar, qartallar qonar...
Zoğalı “Şəkərin bağı”nda axtar,
Amma çox ləngimə, qoruqçu tutar...
Qozun yeməlisi “Otay bağ”dadır,
Sındırmaq istəsən, daş çaylaqdadır...
İndi nə o kənd var, nə də onun vəsf olunan mənzərəsi. Otuz ilə yaxın misilsiz bir barbarlığın – erməni vandalizminin şahidi olan yurd yerlərimiz yerlə yeksan edilib. Kəhrizlərinin gözü qurumuş, bağ-meşələri qırılmış, evləri dağıdılıb xarabalığa çevrilmiş, qəbiristanlığı belə goreşənliyə məruz qalmış Quycaq kəndi də onlardan biridir.
Əlbəttə, yurd yerlərimiz yenidən qurulacaq, daha abad kənd-qəsəbələr salınacaq, işıqlı küçələri, asfalt yolları, parkı, bağ-bağatı olacaq... Amma bunlar hamısı yeni olacaq, bizim doğulub-böyüdüyümüz kəndlər, əyri-üyrü yolları olan o məhəllələr artıq keçmişdə qalıb.
Amma nə yaxşı ki, bizə o keçmişi xatırladacaq, bizdən sonrakı nəsillərə də çatdıracaq belə misralar var.
Doğmadır bu kəndin hər bir bucağı,
Zəmisi, xırmanı, piri, ocağı.
Doğmadır bu kəndin yalı, yamacı,
Çəməni, tarlası, kolu, ağacı.
Burda hər addımda mənim izim var,
Gördüyün hər səhnə qəlbimdə yaşar...
Fuadın yaşıdları indi 50-nin içindədir, onunla tay-tuş olub, bir məhəllədə böyüyənlər 50-ni də çoxdan adlayıb. Adlarını misralarına düzdüyü kənd sakinlərinin çoxu artıq dünyadan köçüb. Amma o yenə o yaşındadır, hələ 20-si tamam olmamış növcavan. Yaddaşlarda da əbədiyyən belə qalacaq. Bir də üç nöqtə ilə bitirdiyi misraları ilə...
“Burda hər addımda mənim izim var...” 15 il əvvəl “Fuad dünyası” kitabında nəşr olunan, ondan öncə və sonra ayrı-ayrı mətbu səhifələrdə yayımlanan şeir bu günlərdə audioformatda – Xalq artisti Məmməd Səfanın koloritli səsində yeni bir həyat qazanıb. Fuadın şəhadətinin 30-cu ildönümündə bu şeiri qiraət edən hörmətli aktyorumuza, audioyazının ərsəyə gəlməsində zəhməti olan hər kəsə dərin təşəkkürlər.
Otuzillik işğalla üstü örtülən tarixin o biri üzündə qalan bir zamanların abad kəndinin tərənnümünü bir şəhid növcavanın misralarından siz də dinləyin.
Şeirin audioyazısının videoçarx müşayiətində linki burada: https://www.youtube.com/watch?v=LJhCaTfkgqM
Vüqar Əliyev