Kürdəmir RMİ-nin dəstəyi ilə “Şuşa İli”nə həsr olunmuş “Zəfərin Amili” və “Yeni bir səhər” adlı kitablar çapdan çıxıb.

“Zəfərin Amili” kitabı 44 günlük II Qarabağ savaşında qəhrəmancasına şəhid olan Amil Hüseynovun timsalında bütün şəhidlərin, müharibə iştirakçılarının və bu savaş zamanı onları gözləyənlərin duyğularından, yaşantılarından bəhs edir. Şəhidin həyat yoldaşı Xalisə xanım onunla ilk tanışlığını, birlikdə olduqları dönəmləri xatırlayır. Kitab 44 günlük Vətən müharibəsində yaşananların bir qadının həyatında nələri dəyişdiyini anladır. Bu kitab müharibədə baş verən hadisələrin yox, anbaan dəyişən hisslərin xronikasıdır.

“Kür” ədəbi məclisinin üzvü, Beyləqan rayon Niyazi adına Uşaq musiqi məktəbinin müəllimi Aygün Bayramlının “Yeni bir səhər” kitabı çapdan çıxıb. Kitabdakı şeirlər “Zəfər yolu”, “Səni gözləyirəm” və “Bu gün yeni bir səhər” başlıqları altında toplanıb.

Hər iki nəşrin layihə rəhbəri və ön sözün müəllifi Kürdəmir RMİ-nin rəisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlı, redaktoru idarənin Xocavənd rayonu üzrə nümayəndəsi, yazar, ədəbiyyatşünas Ramil Əhməddir.