Ötən əsrin əvvəllərində Azərbaycanda “Molla Nəsrəddin” jurnalının nəşri ilə yeni bir ədəbi məktəbin əsası qoyulur. Yeni ədəbi nəsil formalaşır. Həmin dövrdə yetişən ədəbi nəslin tanınmış nümayəndələrindən biri də yazıçı, şair, teatrşünas, publisist, pedaqoq Məmmədəli Manafzadə Sabit olub.
Məmmədəli Manafzadə Sabit 1888-ci ildə Təbriz şəhərində dünyaya göz açıb. İlk təhsilini molla məktəbində alır. Sonra fransızların Təbrizdə açdığı Pedaqoji İnstitutda təhsilini davam etdirir. Erkən çağlardan poeziyaya, yazıçılığa maraq göstərir. Hələ tələbə ikən dövri mətbuatda ardıcıl olaraq publisistik yazılar dərc etdirir. 1908-ci ildə Təbrizdə “Şəkər” adlı qəzetin nəşrinə icazə alır. İlk gündən milli birlik, bərabərlik və azadlıq ideyaları ilə bağlı publisistik məqalələrə geniş yer ayırır. Bununla da o, Məşrutə inqilabına – Səttar xan hərəkatına dəstək verir. Bir müddət sonra təhdidlərlə üzləşir. Mürtəce rejimin təqiblərindən xilas olmaq üçün Bakıya gəlir. Burada da bədii yaradıcılıqla müntəzəm məşğul olur. Xüsusilə “Molla Nəsrəddin”, “Bəsirət”, “Həqiqəti-əfkar”, “Yeni irşad”, “Məzəli”, “Füqəra füyuzatı”, “Sədayi-həqq”, “Sədayi-vətən”, “İqbal”, “Yeni iqbal”, “Yeni yol” kimi mətbuat orqanlarında məqalələrlə çıxış edir, şeirləri dərc olunur.
Araşdırmalarda qeyd edilir ki, Şimali Azərbaycana gəlişindən sonra vətənsevərlik mövzusu M.Manafzadənin yaradıcılığında daha geniş yer tutmağa başlayır. Müəllif “Vətənim”, “Vətən”, “Arkadaşlar”, “Tülul-sülh” və digər şeirlərində vətənlə bağlı narahatlığını kədərli bir dillə qələmə alıb. Xüsusilə “Nəvayi-hicran” şeiri vətənindən uzaq düşən bir şairin duyğularını ifadə etməsi baxımından təsirli bədii nümunədir. “Ey vətəndən gələn el aşinası...” misrası ilə başlayan şeir xalq arasında geniş yayılır. El şənliklərində xanəndələr tərəfindən muğam üstə oxunur.
M.M.Sabit qələmini satirik mövzuda da sınayıb. “Molla Nəsrəddin”, “Məzəli” jurnallarında dərc etdirdiyi şeirlərində dövrün əhval-ruhiyyəsi öz əksini tapır. Şair bəzən tipik obrazı öz dili ilə danışdırır və tənqid hədəfinə çevirir. Şairin “Hərdəmxəyala töhfə”, “Çarşaflı-çarşaflı”, “Şeyxin minbərdəki son moizəsinə ithaf”, “Din inqilabçısı”, “Dəyişiklik”, “Ya Rəbb”, “Ultimatum”, “Mənə dəymə”, “Gimnazist”, “Ay haray” kimi şeirlərdə satirik ruh çox qabardır. Şairin bu qəbildən şeirlərində böyük söz ustadı Mirzə Ələkbər Sabirin yaradıcılıq ruhu açıq-aşkar duyulur. Müəllifin “Ultimatum” şeiri Sabirin də diqqətini çəkir. Şeirdə vətənin, millətin qeyrətini çəkməyən, günlərini kef məclislərində keçirən, “Sonyatək dilbəri tərk eyləmək insaf deyil” deyərək Azərbaycan gözəlinə xor baxan nadanları tənqid atəşinə tutur. M.M.Sabit təxmisdən də yaradıcı şəkildə istifadə edib. Klassik ədəbiyyatdakı aşiqanə qəzəllərin hər beytinin əvvəlinə mövzuya uyğun üç misra artırıb.
Ədib hekayə və felyetonlarında fəhlə həyatının çətinliyini canlı və təsirli bir dillə ifadə edib. Onun qəhrəmanları Təbriz, Xoy, Mərənd və s. şəhərlərdən Bakıya xoş güzəran ümidi ilə gələn, ancaq burada da quru çörəyi güclə qazanan həmvətənləridir. Müəllif “Təbriz “ümumiyyəti”, “Pasport məsələsi”, “Vladiqafqaz müsəlmanları”, “Fərmani-qəzai-cərəyan”, “Ey inqilab, ey naciyi-miləl”, “İnqilab və ədəbiyyat”, “İran Azərbaycanı haqqında yersiz çıxışlar”, “Son tərpənişlər” kimi felyetonlarında Cənubi Azərbaycandakı İran zülmünə öz münasibətini bildirib. Ədibin “Molla Nəsrəddin” jurnalında dərc olunan felyetonlarının, demək olar ki, hamısı dini mövzudadır. Onun “Zühur əlamətləri”, “Namaz üstə”, “Uzun dərya”, “Minacat”, “Hacı Xəlil ağanın qapısında” kimi felyetonları ilk baxışda dini təbliğ edən informasiya xarakterli yazılar kimi təqdim edilib. Ancaq felyetonlar kəskin tənqidi ruhlu sətiraltı məna ifadə edir.
M.M.Sabit Bakıda çox qala bilmir. Bir müddət sonra Türkmənistana üz tutan ədib Aşqabad şəhərində məskunlaşır və “Müzəffəri” məktəbində müəllim işləyir. Teatrla yaxından maraqlanır. Bir müddət sonra teatr qrupu yaradır. Eyni zamanda bir neçə dram əsəri də qələmə alır və səhnələşdirilir. İşlərinin qaydaya düşdüyü bir vaxta – 1924-cü ildə Azərbaycana qayıdır. “İttihad” məktəbində ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. 1925-ci ildə Tacikistana dəvət olunur. Orada Pedaqoji Universitetdə dərs deyir.
Həyatının böyük bir dövrünü mətbuata, maarifçilik ideyalarını yaymağa sərf edən, yaradıcılığında dövrün problemlərinə işıq tutan Məmmədəli Manafzadə Sabit 1940-cı ildə Aşqabadda vəfat edib.
Savalan Fərəcov