Xəbər verildiyi kimi, iyunun 24-də Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) XI plenar iclası keçirilib.

“Parlament diplomatiyası – etimad və tərəfdaşlığın əsası” mövzulu iclasda TÜRKPA-nın təsisçisi olan dörd dövlətin parlament rəhbərləri – TBMM başqanı Mustafa Şentop, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Qırğız Respublikası Joqorku Keneşinin sədri Talant Mamıtov, Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Koşanov, eləcə də Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Türkmənistan Milli Şurası Xalq Məsləhətinin sədr müavini Kasımqulı Babayev, Macarıstan Milli Assambleyası nümayəndə heyətinin rəhbəri Şandor Lejak, həmçinin Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyasının rəhbərləri iştirak ediblər.

İclasda bir sıra təşkilati məsələlərə baxılıb və müvafiq qərarlar qəbul olunub. Təşkilatın adının Türk Dövlətləri Parlament Assambleyasına dəyişdirilməsi haqqında protokol imzalanıb. TÜRKPA-nın 2023-2028-ci illər üçün Strateji Yol Xəritəsi qəbul edilib və XII iclasın 29 aprel 2023-cü ildə İstanbulda keçirilməsi qərara alınıb. TÜRKPA-nın XI iclası Çolpon-Ata bəyannaməsinin qəbulu ilə başa çatıb.

Tədbirdə çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev qarşıdakı illərdə Türk dünyasında əməkdaşlığın inkişafı  baxımından 2023-2028-ci illər üçün Strateji Yol Xəritəsinin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, gələn il Türk dünyasında mədəniyyət sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə ilk beynəlxalq təşkilat olan TÜRKSOY-un 30-cu ildönümü qeyd ediləcək: “Eyni zamanda, 2023-cü il türk ölkələrinin qanunvericilik orqanları arasında ilk əməkdaşlıq platforması olan TÜRKPA-nın 15 illiyi qeyd olunacaq. Bu kontekstdə BMT və UNESCO kimi dünyanın aparıcı təşkilatlarında, eləcə də türk ölkələrinin mühüm mədəniyyət mərkəzlərində yubiley tədbirlərinin düzənlənməsi ilə bağlı hazırlıqlara başlamışıq”.

Sultan Raev gələn il Türk dünyası üçün önəmli tarixi hadisələrin qeyd olunacağını da vurğulayıb: “Azərbaycanın təklifi ilə Şuşa şəhəri 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilib. 2023-cü il həm də TÜRKSOY-a ev sahibliyi edən Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi ilə əlamətdar olacaq. Bundan başqa, gələn il dünya türkologiyası üçün önəmli bir tarixi – qədim türk yazılarının oxunmasının 130 illiyini qeyd edəcəyik...”.

Baş katibin sözlərinə görə,  bu mühüm yubileylər Türk dünyası mədəniyyətinin beynəlxalq səviyyədə inkişafını və təbliğini də sürətləndirəcək. O, bu xüsusda TÜRKSOY-un Türk dünyasının digər təşkilatları ilə əməkdaşlığa hazır olduğunu deyib.

İclasda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da Türk dünyası təşkilatları arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Günay Əfəndiyeva türk xalqlarının qədim irsinin qorunması və gənc nəsillərə ötürülməsindən söz açaraq birgə layihələrlə bu əlaqələri möhkəmləndirməyə hər zaman hazır olduqlarını bildirib. Fond tərəfindən təşkil olunan tədbirlərlə Türk dünyasının tarixi, mədəniyyəti, incəsənəti, türk xalqlarının ədəbiyyatı, folkloru, adət-ənənələrinin daim diqqətdə saxlanıldığı vurğulanıb.

Mehparə Sultanova
Ankara