İyunun 26-da Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirilib.
Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, digər hökumət rəsmiləri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov “Qarabağ gecəsi” xeyriyyə konsertinin əhəmiyyətini vurğulayıb.
Bildirib ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək düşmən işğalında olan ərazilərimizi azad etdi. Hazırda əsas amalımız Qarabağda quruculuq işlərinə birlikdə dəstək olmaqdır.
Daha sonra çıxış edən Qarabağ Dirçəliş Fondu İdarə heyətinin sədri Rəhman Hacıyev bildirib ki, bu konsertdən əldə olunan gəlir Qarabağın dirçəlməsinə sərf ediləcək. Məlumat verilib ki, yaxın zamanda Ağdamın İmarət kompleksinin bərpa edilməsinə başlanılacaq.
Sonra konsert proqramı təqdim edilib.