Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Music of Karabakh Colors” (“Qarabağ rənglərinin musiqisi”) adlı xeyriyyə konserti keçirilib. Layihənin müəllifi beynəlxalq və respublika müsabiqələri laureatı, istedadlı pianoçu və rəssam Səidə Tağızadədir. Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbi də iştirak edib
Konsertdə Azərbaycan bəstəkarları F.Əlizadə, C.Abbasov, E.Dadaşova, A.Yusifova, K.Əlizadə, P.Axundova və R.Əhmədzadənin Qarabağ və ilin fəsilləri mövzusunda kamera əsərləri səslənib. Hər musiqi əsərinin ifası mövzuya uyğun videoçarxlarla müşayiət olunub.
Tədbir çərçivəsində 6 nömrəli onbirillik İncəsənət məktəbi şagirdlərinin, eləcə də peşəkar rəssamların əl işlərindən ibarət sərgi nümayiş olunub. Azərbaycan Rəssamlar İttifaqının üzvü, məktəbin müəllimi Aydan Niftiyevanın “Sevimli çiçəklər” adlı əsəri məktəbin müəllim heyəti tərəfindən müəyyən məbləğ qarşılığında əldə olunub və məbləğ “YAŞAT” Fonduna ianə edilib. Rəsm əsəri konsertdə iştirak edən Vətən müharibəsi şəhidi Nurlan Həsənovun anasına hədiyyə olunub.