Tarix Muzeyində sərgi

 

İyunun 28-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində unikal dekorativ tərtibatlı silahlardan ibarət “Silahın mistik gözəlliyi (XVI-XIX əsrlər Azərbaycan silahı)” adlı sərgi açılıb. Tədbirdə mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, tanınmış alim və mütəxəssislər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək sərgi haqqında məlumat verib. Bildirib ki, muzeyin zəngin kolleksiyasında Azərbaycan tarixinin müxtəlif səhifələrini əks etdirən silahlar da xüsusi yer tutur. Silah istehsalı metalişləmənin aparıcı sahələrindən biri olub. Silahların hazırlanması el sənəti və birbaşa el ustalarının adı ilə bağlıdır. Muzeyin Silahlar və bayraqlar fondunda saxlanılan soyuq və odlu silahlar, Azərbaycan xalqının şanlı hərb tarixini əks etdirməklə bərabər, həm də maddi mədəniyyət nümunələri kimi tarixi mənbədir və sənətkarlığın silahsazlıq sahəsinin yüksək inkişafını nümayiş etdirir. Sərgidə XVI-XIX əsrlər Azərbaycan silahları ilk dəfə sənətkarlıq nümunələri kimi təqdim edilir.

Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, dosent Səbuhi Əhmədov diqqətə çatdırıb ki, təqdim olunan silahlar həm də yüksək zövqlə hazırlanmış sənət nümunələridir.

Sərgidə 300 ədəd unikal dekorativ tərtibatlı silah yer alıb. Nümayiş etdirilən bəzi eksponatlar haqqında ətraflı məlumat verilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru Nurulla Əliyev deyib ki, muzeyin silah kolleksiyası müəyyən tarixi dövrün ictimai-siyasi hadisələrini, mədəniyyətini, hərb tarixini əks etdirməklə yanaşı, xalq tətbiqi sənətinin inkişafının, dövrün silahsazlarının yüksək peşəkarlığının, onların bədii-estetik zövqünün göstəricisidir. Bu baxımdan sərgi xüsusi əhəmiyyət kəsb edir.

N.Əliyev muzeyin baş direktoru Nailə Vəlixanlıya “Azərbaycanın Vətən müharibəsində Qələbəsi” və “Azərbaycanın hərb tarixi. Ən qədim dövrlərdən XVIII əsrə qədər ən mühüm hərbi-siyasi hadisələrin xronoloji xülasəsi” kitablarını hədiyyə edib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Daha sonra onlar Pənahəli xan Cavanşirin məzar daşının bərpadan sonra ilk dəfə nümayiş olunduğu sərgiyə də baxıblar.

Tarix Muzeyində “Silahın mistik gözəlliyi” adlı sərgi sentyabrın 15-dək davam edəcək. Sərgiyə giriş böyüklər üçün 2, uşaqlar üçün 1 manat təşkil edir.